Ərdoğan: "İllər keçsə də, Xocalının ağrısını unutmayacağıq"

Türkiyə Prezidenti Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə "Twitter" hesabında mesaj paylaşıb.
Sputnik

BAKI, 26 fevral — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan Xocalı soyqırımı ilə bağlı 26 fevral 1992-ci il başlığı ilə paylaşım edib. Sputnik Azərbaycan xəbər verir ki, Ərdoğan "Twitter" hesabında yayımladığı mesajda "İllər keçsə də, ağrısını unutmayacağıq, kədərini təkrar-təkrar yaşayacağıq; qadın, uşaq, qoca demədən, amansızlıqla qətlə yetirilən 613 azərbaycanlı qardaşımızı rəhmətlə yad edir, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm. Biz bir millət, iki dövlətik. Türkiyə Azərbaycanın ədalətli mübarizəsini dəstəkləməyə davam edəcək", – deyə o qeyd edib.

Xatırladaq ki, erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücuma keçiblər.

Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.