Prezident İlham Əliyev "Ana harayı" abidəsini ziyarət edib

İlham Əliyev "Ana harayı" abidəsinin önünə əklil qoyub, soyqırımıqurbanlarının xatirəsinə ehtiramını bildirib.
Sputnik

BAKI, 26 fevral — Sputnik. Prezident İlham Əliyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət edib. Sputnik Azərbaycan-ın məlumatına görə, Prezident İlham Əliyev abidənin önünə əklil qoyub, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Qeyd edək ki, erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücuma keçiblər.

Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.