SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Prezidenti Ermənistanda baş verənlərə münasibət bildirib

İlham Əliyev: Ermənistan elə bir ağır durumdadır ki, orada gedən proseslər ölkənin dövlətçilik əsaslarını böyük dərəcədə sarsıdır.
Sputnik

BAKI, 26 fevral - Sputnik. "Ermənistanda baş verən hadisələr Ermənistanın daxili işidir. Dünən şəhid ailələri ilə görüşüm Ermənistandakı hadisələrdən əvvəl idi. Bu çıxışımdan sonra hadisələr barədə məlumat aldım. Bu hadisələr göstərdi ki, mən haqlı idim".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, şəhid ailələri ilə görüşü hardasa 10:30-da baş tutub, Ermənistandakı hadisələrlə bağlı xəbəri ondan sonra öyrənib:

"Ona görə istəyirəm, hər kəs bilsin ki, mənim şərhlərim bu hadisələrdən əvvəl edilib. Ancaq hadisələr onu göstərir ki, mən tam haqlı idim. Çünki bu gün Ermənistan elə bir ağır durumdadır ki, orada gedən proseslər ölkənin dövlətçilik əsaslarını böyük dərəcədə sarsıdır. Və bunun günahkarları Ermənistanın əvvəlki və indiki rəhbərləridir. Çünki 20 il ərzində Koçəryan-Sərkisyan xuntası Ermənistanı faktiki olaraq uçuruma aparırdı. Və böhranlı vəziyyətə gətirib çıxardı. Ölkə demək olar ki, bütövlükdə müstəqillik əlamətlərini itirib. Daha çox müstəmləkəyə bənzəyirdi. Bunun əsas səbəbi işğalçılıq siyasətidir".

Prezident qeyd edib ki, Ermənistan nə qədər çox torpaqlarımızı işğal altında saxlamaq istəyirdisə, o qədər də onlar asılı vəziyyətə düşürdü.

"Ermənistanı biz ardıcıl olaraq bütün beynəlxalq, regional layihələrdən təcrid etmişdik. Ermənistanı iqtisadi cəhətdən sarsıtmaq, çökdürmək, təcrid etmək bizim siyasətimiz idi. Mən bunu heç vaxt gizlətmirdim. Açıq dəfələrlə deyirdim ki, biz bu siyasəti o vaxta qədər aparacağıq ki, torpaqlarımız işğal altındadır. Ermənistan öz silahlı qüvvələrini bizim torpaqlarımızdan çıxartsın, ondan sonra bölgədə işbirliyi, əməkdaşlıq da ola bilər. Və bizim siyasətimizdə dəyişiklik ola bilər. Əfsuslar olsun ki, nə əvvəlki xunta rejimi, nə də 2018-ci ildə hakimiyyətə gəlmiş hökumət bizim bu çağırışlarımıza qulaq asmadı. Əgər vaxtında qulaq assaydılar, bu gün belə rəzil duruma düşməzdilər. Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür. Mən onların daxili vəziyyətləri ilə bağlı hər hansı şərh vermək istəməzdim. Prinsip etibarı ilə biz heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmırıq. Xüsusilə indiki həssas məqamda...", - İlham Əliyev əlavə edib. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yerli və xarici jurnalistlər üçün videoformatda mətbuat konfransı keçirir. Mətbuat konfransı canlı yayımlanır.