ABŞ-da fəaliyyət göstərən türk qeyri-hökumət təşkilatları Xocalı ilə bağlı mesaj yaydı

"Beynəlxalq birliklərə erməni qüvvələrinin törətdikləri vəhşilikləri çatdırmalı və bu dəhşətli müharibə cinayətinə görə ədalət tələb etməliyik!"
Sputnik

BAKI, 26 fevral — Sputnik. ABŞ-da fəaliyyət göstərən türk qeyri-hökumət təşkilatları Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım mesajı yayıb. Sputnik Azərbaycan Haberler-ə istinadla xəbər verir ki, Türkiyə-Amerika İdarəetmə Komitəsi (TASC) tərəfindən yayımlanan mesajda Ermənistan ordusu tərəfindən Azərbaycanın Xocalı şəhərində 106-sı qadın, 63-ü uşaq olmaqla, 613 mülki şəxsin öldürülməsi pislənib.

Mesajda, "Beynəlxalq birliklərə erməni qüvvələrinin törətdikləri vəhşilikləri çatdırmalı və bu dəhşətli müharibə cinayətinə görə ədalət tələb etməliyik!" – deyə bildirilir.

Türk Amerikan Assosiasiyaları Şurasının (ATAA) yayımladığı mesajda da 1992-ci il, fevralın 26-da Xocalıda erməni silahlı qüvvələri tərəfindən törədilən soyqırım pislənib. Şura ABŞ-ı və beynəlxalq ictimaiyyəti bu cinayətə görə erməni liderlərini məsuliyyətə cəlb etməyə çağırıb.