ABŞ Suriyanı vurdu

"Prezident Co Baydenın əmri ilə ABŞ hərbi hava qüvvələri Suriyanın şərqində İranın dəstəklədiyi silahlı qrupların istifadə etdikləri obyektə hava hücumu təşkil edib"
Sputnik

BAKI, 26 fevral — Sputnik. Bu gün səhər saatlarında ABŞ Suriyanın İraq sərhədi yaxınlığında İran tərəfdarı olan silahlıların hədəflərinə bir neçə aviasiya zərbəsi endirib. RİA Novosti xəbər verir ki, bu barədə "Washington Post" ABŞ administrasiyasındakı bir mənbəyə istinadən məlumat yayıb. Hava zərbəsi nəticəsində bir neçə nəfərin öldüyü bildirilir.

Bir qədər bundan əvvəl Pentaqon hava hücumu nəticəsində şiə qruplaşmalarının İran tərəfindən dəstəklənən bir sıra infrastruktur obyektlərinin məhv edildiyini açıqlamışdı. Pentaqonun məlumatında o da qeyd olunurdu ki, bu, İraqdakı ABŞ və koalisiya qüvvələrinə edilən son hücumlara cavab idi. ABŞ-ın müdafiə naziri Lloyd Ostin İraq tərəfinin kəşfiyyat məlumatlarına istinad etdiklərini və zərbənin dəqiqliyinə əmin olduqlarını bildirib.

Türkiyənin NTV kanalının yaydığı məlumata görə isə, Pentaqonun mətbuat katibi Con Kirbi "Prezident Co Baydenın əmri ilə ABŞ hərbi hava qüvvələri Suriyanın şərqində İranın dəstəklədiyi silahlı qrupların istifadə etdikləri obyektə hava hücumu təşkil etdi", – şəklində açıqlama verib. Kirbi İranın dəstəklədiyi qrupların bir çox obyektlərinin məhv edildiyini vurğulayaq hücumun İŞİD-ə qarşı koalisiya ölkələri ilə məsləhətləşərək həyata keçirildiyini də bildirib.