Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 26 fevral — Sputnik. Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Bakının bəzi yollarında nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, hazırda Yusif Səfərov küçəsindən Xocalı prospekti istiqamətinə, 10-cu zavod dairəsindən, Babək prospektindən, Nəcəfqulu Rəfiyev küçəsindən, Nobel prospektindən, eləcə də Mehdi Mehdizadə və Sabit Orucov küçələrindən avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdirilib. Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Xətai rayonundakı "Ana harayı" abidəsi önündə keçiriləcək anım tədbirində iştirak edən vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xocalı prospektində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
V.Əsədov bildirib ki, bu istiqamətlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılması sabah səhər saat 08:00-dan ziyarət başa çatanadək davam edəcək. Xocalı soyqırımı qurbanlarını abidə önündə yad etdikdən sonra Xocalı prospekti Bakı Metropoliteninin "Xətai" stansiyasının qarşısından keçməklə Natiq Əliyev küçəsindən sağa istənilən istiqamətə hərəkət təşkil edilib.