İsrail bəzi ölkələri Qüdsdə səfirlik açmaları üçün peyvəndlə şantaj edir?

"Reallıq ondan ibarətdir ki, Netanyahu İsrail vətəndaşlarının ödədiyi vergilərlə alınan peyvəndlərin qeyri-qanuni ticarəti ilə məşğuldur və açıq-aydın bir dövləti deyil, krallığı idarə etdiyini düşünür"
Sputnik

BAKI, 25 fevral — Sputnik. İsrail mediası bu ölkə hökumətinin öz səfirliklərini Qüdsə köçürməyin əvəzində bəzi dövlətlərə COVID-19 peyvəndi verməyi planlaşdırdığından yazıb.

Anadolu Agentliyinin verdiyi xəbərə görə, İsrail İctimai Yayım Korporasiyasının məlumatına əsasən, Honduras yaxın vaxtlarda İsrailin ehtiyatlarından 5 min doza koronavirus peyvəndi alacaq. Adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumata görə, yaxın günlərdə peyvənd preparatlarını daşımaq üçün Hondurasdan İsrailə bir təyyarə göndəriləcək. Bundan başqa, Qvatemala və Çexiyanın da eyni şərtlərlə İsraildən peyvənd alacağı vurğulanır.

Mənbə Hondurasın ABŞ-dan sonra İsraildə səfirliyini açan ikinci ölkə olduğunu xatırladaraq Qvatemala və Çexiyanın da eyni addımı atacaqları ilə bağlı söz verdiklərini bildirib.

Digər tərəfdən, İsrailin müdafiə naziri Beni Hans Baş nazir Benyamin Netanyahunun belə bir addım atmasının qeyri-qanuni olduğunu bildirib. "Reallıq ondan ibarətdir ki, Netanyahu İsrail vətəndaşlarının ödədiyi vergilərlə alınan peyvəndlərin qeyri-qanuni ticarəti ilə məşğuldur və açıq-aydın bir dövləti deyil, krallığı idarə etdiyini düşünür", - deyə Hans "Twitter" hesabında paylaşım edib.

Belə bir addımın hökumət tərəfindən müzakirə edilərək təsdiqlənməsinə ehtiyac olduğunu bildirən Hans "Yalnız təhlükəsizlik, siyasət və ya sağlamlıq baxımından məcburi vəziyyət yaranarsa, bu cür addım atmaq olar", - deyə vurğulayıb.

Netanyahunun mətbuat mərkəzindən verilən yazılı açıqlamada isə keçən aydan bəri istifadə olunmayan məhdud miqdarda peyvənd preparatının toplandığı, bu səbəbdən də müraciət edən bəzi ölkələrə simvolik miqdarda peyvənd verilə biləcəyi qeyd olunub.