Mənəm xəyanətkar? – Paşinyan müxalifəti ordunu soymaqda ittiham etdi

"Onlar ordunu türklərə qarşı deyil, öz xalqına qarşı müharibə etməyə çağırıblar" - Paşinyan ittihama ittihamla cavab verib
Sputnik

BAKI, 25 fevral — Sputnik. Müxalifət özü etiraf edir ki, hələ müharibə zamanı hərbçilərdən hakimiyyəti öz əllərinə götürməyi istəyib. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Respublika meydanında xəyanət barədə ittihamları şərh edərkən bildirib.

"Meydanlarda məni xəyanətdə ittiham etmək istəyirlər. Bəs xəyanətkarın çağırışı ilə meydana çıxan bu qədər insan nə edir? Onlar faktiki olaraq sizi xəyanətdə ittiham etmək istəyirlər", - deyə Paşinyan qeyd edib.

O vurğulayıb ki, xəyanət 17 partiyadan Baş nazir postuna namizədin (Vazgen Manukyan – red.) hərbçilərə oktyabrda zəng etməsi və hakimiyyəti ələ almasını istəməsidir.

Rəsmi Moskva: "Ermənistandakı vəziyyəti narahatlıqla izləyirik"

"Onlar ordunu türklərə qarşı deyil, öz xalqına qarşı müharibə etməyə çağırıblar", – deyə Paşinyan qeyd edib.

O vurğulayıb ki, meydanlarda ordunu qarət edənlər, özünə milyonluq saraylar tikənlər çıxış edirlər. Bu gün həmin insanlar hərbçilərə "yemək, paltar verəni, maaşlarını qaldıranları" xəyanətdə ittiham ediblər.

Paşinyan qeyd edib ki, onu iki ildir ki, torpaqları təhvil verməkdə ittiham edirlər, lakin bir neçə il əvvəl Serj Sarqsyan açıq şəkildə bəyan etdi ki, Azərbaycana 7 rayonun qaytarılmasına razı olub.

"Əgər siz hər şey barədə razılaşmısınızsa və ya danışıqları oraya qədər gətirib çıxarmısınızsa və hesab edirsinizsə, bu düzgün qərardır, onda bizi torpaqları təhvil verməkdə ittiham edirsiniz? Açıq məktubla çıxış edib, deyərdiniz: Get və bu kağızı imzala".