Ermənistan ordusu tərəfini seçdi

"Ordu siyasətdən kənar strukturdur və Silahlı Qüvvələri bu və ya digər siyasi proseslərə cəlb etmək cəhdləri yolverilməzdir"
Sputnik

BAKI, 25 fevral — Sputnik. Ermənistan Silahlı Qüvvələri ölkənin sərhədlərinin qorunması və sərhədlərin təhlükəsizliyi üzrə funksiyalarını tam yerinə yetirir. Sputnik Ermənistan xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Mənəm xəyanətkar? – Paşinyan müxalifəti ordunu soymaqda ittiham etdi

"Ordu siyasətdən kənar strukturdur və Silahlı Qüvvələri bu və ya digər siyasi proseslərə cəlb etmək cəhdləri yolverilməzdir. İstənilən belə bir cəhd Ermənistanın sabitliyi və təhlükəsizliyi üçün təhdiddir", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Müdafiə Nazirliyi bu cür hərəkətlərə qarşı adekvat cavab verəcək.

Qeyd edək ki, daha əvvəl Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edib. Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklərin idarə rəhbərləri və komandirlərinin imzaladığı bəyanatda bildirilir.

Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiqran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər. "Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan məsuliyyətsiz addımdır", - deyə bəyanatda bildirilir.

Buna cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb.