QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Bərpa olunan Laçın SES kimə işıq verəcək?

Bu, Xankəndi şəhərinin, həmçinin SES-in yaxınlığında yerləşən yaşayış məntəqələrinin elektrik enerjisi ilə təmin olunmasına imkan verir.
Sputnik

 

BAKI, 25 fevral — Sputnik. On noyabrda Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatın reallaşdırılması çərçivəsində Rusiya sülhməramlıları Dağlıq Qarabağda dinc həyatın bərpasına yardım etməyə davam edir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, əldə olunan razılaşmalara əsasən Laçın Su Elektrik Stansiyasının maşın salonu Rusiya sülhməramlılarının məsuliyyət zonasının nəzarətinə, ərazidəki su elektrik stansiyasının bəndi isə Azərbaycanın nəzarətinə keçib.

Bildirilir ki, Rusiya sülhməramlı kontingentinin komandanlığının yardımı ilə hidroelektrik stansiyanın işi bərpa edilib. Hazırda Rusiya sülhməramlıları elektrik stansiyasının qovşaqlar və sistemlərinin təmiri və onlara qulluğu üçün mühəndislərin əraziyə təhlükəsizlik və manesiz girişini təmin edir.

Qeyd olunur ki, bu, Xankəndi şəhərinin, həmçinin SES-in yaxınlığında yerləşən yaşayış məntəqələrinin elektrik enerjisi ilə təmin olunmasına imkan verir.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.