RUSİYA

Rəsmi Moskva: "Ermənistandakı vəziyyəti narahatlıqla izləyirik"

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb.
Sputnik

BAKI, 25 fevral — Sputnik. Kreml Ermənistanda baş verənləri narahatlıqla izləyir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov bildirib.

"Biz Ermənistandakı vəziyyətin inkişafını narahatlıqla izləyirik. Biz hesab edirik ki, bu yalnız Ermənistanın – bizim Qafqazda çox önəmli və yaxın tərəfdaşımızın daxil işidir", - deyə Peskov bildirib.

Qeyd edək ki, daha əvvəl Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edib. Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklərinin idarə rəhbərləri və komandirlərinin imzaladığı bəyanatda bildirilir.

Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər. "Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan və məsuliyyətsiz addımdır", - deyə bəyanatda bildirilir.

Buna cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. Paşinyan tərəfdarlarını meydana çıxmağa çağırıb.