Ermənistan prezidentinin administrasiyası: onu siyasi proseslərə qatmayın

Sarkisyan administrasiyasından vurğulayıblar ki, hazırkı vəziyyətdə heç kim prezidenti siyasi prosesə cəlb etməli deyil.
Sputnik

BAKI, 25 fevral - Sputnik. Ermənistan prezidenti Armen Sarkisyan bəyan edib ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin işdən çıxarılması təklifini növbəti kadr deyişikliyi hesab etmir.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir  ki, bunu Sarkisyanın administrasiyasından deyiblər. 

Geyinin-kecinin, gəlin - erməni müxalifəti barrikadalar qurub

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb etməsilə ölkədə vəziyyət qarışıb. Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklərin idarə rəhbərləri və komandirlərinin imzaladığı bəyanatda bildirilir.

Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiqran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər. "Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan məsuliyyətsiz addımdır", - deyə bəyanatda bildirilir.

Buna cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb və Onik Qasparyanın istefaya göndərilməsini tələb edib.

Sarkisyan administrasiyasının bəyanatında deyilir ki, Konstitusiyaya görə, prezidentin qərar vermək üçün hələ 3 günü var. 

"Dövlət orqanlarının normal fəaliyyət göstərməsinin təmin olunmasının vacibliyi nəzərə alınmaqla prezidentin hələlik rəhbər şəxslərin vəzifəyə təyinatı və ya azad edilməsi barədə prinsipial etirazları olmayıb. Ancaq hərbi vəziyyət, hazırkı böhran şəraitində Baş Qərargah rəisinin qovulması növbəti kadr dəyişikliyi deyil. Nəzərə alaq ki, Konstitusiyaya görə, SQ ölkənin müdafiəsini, təhlükəsizliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını təmin edir", - bəyanatda deyilir. 

Administrasiyadan onu da vurğulayıblar ki, hazırkı vəziyyətdə heç kim prezidenti siyasi prosesə cəlb etməli deyil. "Prezidentə qarşı istənilən təzyiq yolverilməzdir".

Həmçinin qeyd olunub ki, prezident heç kimin tərəfini saxlamır və sırf dövlətlə xalqın maraqlarını rəhbər tutur.