RUSİYA

Strateji gediş: Rusiya ABŞ-ın dövlət borcuna bir milyard dollar yatırdı

ABŞ hökuməti bu qiymətli kağızları sataraq büdcə kəsirini aradan qaldırır və digər xərcləri qarşılayır. ABŞ-ın milli borcu təxminən 28 trilyon dollara çatıb.
Sputnik

BAKI, 24 fevral — Sputnik, Natalya Dembinskaya. Rusiya Mərkəzi Bankı ötən ilin dekabr ayında ABŞ dövlət istiqrazlarına yatırımını birdən-birə milyard dollar artırdı. Hərçənd, Moskva son illərdə sistematik olaraq bu qiymətli kağızlardan qurtulurdu: valyuta ehtiyatlarında onların payı bir faizdən bir qədər çoxdur. Bəs indi niyə bu istiqrazlara ehtiyac yaranıb? Sualın cavabı RİA Novosti-nin materialında.

Avro, yuan və qızıl

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, hazırda Rusiya 6,011 milyard dəyərində Amerika dövlət istiqrazına sahibdir: onlardan 1,2 milyardı uzunmüddətli, 4,8 milyardı isə qısamüddətlidir. Dekabr ayında ehtiyatlar bir milyard dollara qədər artırılıb.

Qeyd edək ki, ABŞ hökuməti bu qiymətli kağızları sataraq büdcə kəsirini aradan qaldırır və digər xərcləri qarşılayır. ABŞ-ın milli borcu təxminən 28 trilyon dollara çatıb. 2010-2013-cü illərdə Rusiya investisiyaları 170 milyardı keçdi. Rusiya ən böyük qiymətli kağızlar payına sahib ölkələrdən biri idi. Ancaq Vaşinqton 2014-cü ilin aprelində Rusiyaya qarşı sanksiyalar tətbiq etdikdən sonra Moskva ABŞ-ın dövlət istiqrazlarından qurtulmağa başlamışdı.

2018-ci ildə Rusiya Mərkəzi Bankı ABŞ xəzinədarlıq portfelini birdən-birə yarıyadək endirərək böyük bir satış əməliyyatı həyata keçirdi. Beləliklə, Amerika qiymətli kağızlarının beynəlxalq ehtiyatlardakı payı minimuma düşdü. Mərkəzi Bank bunun əvəzində öz ehtiyatlarını avro, yuana və qızıla yönləndirdi.

Diversifikasiya

ABŞ dövlət borcu açıq şəkildə bu ölkənin Maliyyə Nazirliyi tərəfindən buraxılmış qiymətli kağızlarla təmsil olunur. Vekselləri (borc sənədlərini) və dövlət istiqrazlarını fiziki, hüquqi şəxslər, müəyyən ştat və əyalətlərin səlahiyyətliləri əldə edə bilərlər. Bu qiymətli kağızlardan götürülən mənfəət bir o qədər də yüksək deyil – təxminən 2,5-3 faiz. Avropa və ya Yaponiya üzrə borclarda gəlir, ümumiyyətlə, sıfıra bərabərdir və hətta mənfi göstəricilərlə ifadə olunur. Ancaq məsələ tək bunda deyil: ABŞ dövlət istiqrazları dünyanın ən etibarlı və asan satıla bilən maliyyə alətlərindən biri hesab olunur. Bütün dünyada onları almaq və satmaq çox asandır.

"Artıq vəsaiti müvəqqəti olaraq ABŞ-ın milli borcuna yatırmaq sərfəlidir. Söhbət milyardlardan gedəndə illik 2-3 faiz çox puldur. Buna görə də siyasət iqtisadi qərarlara təsir etməməlidir", - deyə Rusiya Dövlət Dumasının Maliyyə komitəsinin üzvü Dmitri Skrivanov RİA Novosti-yə bildirib.

Beləliklə, Moskva yatırımını artırmaqla texniki olaraq bazardakı varlığını sübut etdi. Bu həm də beynəlxalq valyuta ehtiyatlarının şaxələndirilməsi üçün lazım idi. İndi Rusiyanın 590 milyard dolları var, bu vəsaitin 6 milyardı birbaşa ABŞ milli borcuna yatırılıb. Analitiklər izah edirlər: Moskva qlobal maliyyə tendensiyalarını izləyir. Dollara tələb artmaqdadır, çünki bu pul dəyişkənliyə və inflyasiyaya ən az meylli olan valyuta növüdür.

"Milyard dollar çox böyük məbləğdir, bu vəsaiti məhdud aktiv dəstinə yatırmaq olar. Qızılın alıcılıq qabiliyyəti yüksəkdir, avro və yuanda isə onsuz da kifayət qədər pul ehtiyatımız var. Amerikanın dövlət istiqrazlarının alınması diversifikasiyanın (şaxələndirmənin - red.) bir elementidir", - deyə Rusiya-Asiya Sənayeçilər və Sahibkarlar Şurasinin prezidenti Vitali Mankeviç bildirir.

Çin variantı

Dekabr ayının sonuna olan məlumata görə, ABŞ dövlət istiqrazlarının ən böyük sahibi Yaponiyadır (1,2 trilyon dollar). Əvvəllər bu sahədə Çin lider idisə, indi Pekin 1,06 trilyon dollarlıq istiqrazlarla ikinci yerdədir. Bu üçlüyü 428.9 milyard dollarlıq qiymətli kağız ehtiyatı ilə Böyük Britaniya tamamlayır.

Ticarət müharibəsi üzündən çinlilər sistematik olaraq bu qiymətli kağızlardan qurtulmağa başlayıblar, ümumilikdə investisiyalarını 200 milyarddan çox azaldıblar. Bununla belə, hazırda Pekinin əlində olan ABŞ dövlət istiqrazları Vaşinqtona qarşı güclü təzyiq vasitəsi hesab oluna bilər.

Davam edən qarşıdurma qorxu hissini artırır: birdən ABŞ dövlət istiqrazalarının dünyadakı ikinci ən böyük pay sahibi onların kütləvi satışına getsə, onda necə? Nəticə fəlakətli ola bilər. Çinin bu qiymətli kağızlardan kütləvi şəkildə qurtulması dünya maliyyə bazarında böyük çaxnaşmaya gətirib çıxara bilər.

Amma bu, Çinin özünə də sərf etmir. Birincisi, qısa müddətdə 100-200 milyard dəyərində istiqraz satışı istər-istəməz qiymətləri aşağı salacaq. Nəticədə, Çinin özünün xarici aktivlərinin və ehtiyatlarının dəyəri kəskin şəkildə aşağı düşəcək. Bundan başqa, dollar çökəcək ki, Pekinin də buna ehtiyacı yoxdur. Çünki ABŞ valyutasının zəifləməsi Çin ixracatını bahalaşdıracaq.

Qızıl ehtiyatı

Artıq bir neçə ildir ki, Rusiya Mərkəzi Bankı dollardan qurtularaq qızıla gediş edir. 2020-ci ildə ilk dəfə bu qiymətli metalın ehtiyatlardakı payı Amerika valyutasının həcmini aşdı və fevral ayına qədər qızıl ehtiyatlarının dəyəri 136,7 milyarda çatdı. İl ərzində ölkənin qızıl ehtiyatları təxminən 28 ton çoxaldı.

Qiymətli metal - universal pul ekvivalenti - faiz gəliri gətirən aktivlərdən daha cəlbedicidir və sanksiya risklərindən sığortalanıb. "Bloomberg"-in də qeyd etdiyi kimi, Rusiya bütün dünyaya nümayiş etdirdi ki, nəhəng iqtisadiyyata və böyük həcmdə qızıl-valyuta ehtiyatlarına sahib olan ölkə dollar aktivlərindən istədiyi vaxt qurtula bilər və bu, onun halına da təfavüt etməz.