CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Toy qadağasının altında əzilənlər - qala-qala qızıl əvəzinə antikvariata dönəcəklər

İl ərzində sifarişlərinin təxminən yetmiş faizini itirən fabriklər qiyməti artırdıqları üçün bəzi mebel salonları da məcburən qiyməti qaldırıblar
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 23 fevral — Sputnik. On bir aydan çoxdur ki, Azərbaycanda toylar qadağan olunub. Özlüyündə böyük industriyanı cəmləşdirən toy biznesinin faktiki olaraq çökməsi bir sıra sahələrdə, yumşaq desək, fəlakətə səbəb olub. Tikinti materialları bazarı, daşınmaz əmlak bazarı, kirayə toy avtomobilləri, gəlinlik və kirayə geyimlər mağazalarının bazarı bir ilə yaxındır ki, donub, alıcılıq qabiliyyəti həddən artıq aşağı düşüb. Eyni vəziyyəti mebel dükanlarında da görmək mümkündür. Bir zamanlar Babək prospekti boyunca düzülən mebel mağazalarının yerini indi avtomobil salonları, avtomobillərin ehtiyat hissələrinin satıldığı dükanlar tutur.

Qəssabların harayı: "Toylara icazə verin, ət bazarı canlansın"

Sputnik Azərbaycan mebel salonlarının durumunu elə onların özündən öyrənib.

"Saloğlu mebel"dən bildirilib ki, son bir ildə alıcılıq qabiliyyətində gözəçarpan həddə azalmalar olub: "Toyların keçirilməsinin dayandırılması ilə əlaqədar olaraq bu bir il ərzində təxminən 70 faizədək azalmalar olub. Endirimlərimiz olsa da, alıcılıq qabiliyyəti aşağı olaraq qalır".

"Room Mebel"in də alıcılıq qabiliyyəti aşağıdır: "Bizdə mebellərin qiyməti yüksəkdir, alıcılıq qabiliyyətində də azalmalar müşahidə olunur. Endirimimiz çox olmasa da, uzun müddət qalan məhsullara belə aksiyalar təşkil edirik".

"Yağmur" və "Alfemo" mebel mağazalarından isə bildirildi ki, onlarda alıcılıq qabiliyyəti sıfır həddinə düşüb. "Yağmur" mebel salonunun rəsmisi deyir ki, demək olar ki, yalnız evini təmir edənlər mağazaya üz tuturlar:

"Karantindən öncə sifariş verilən mebellərin əksəriyyəti buradadır, aparılmayıb. Lakin müəyyən qədər də olsa, nikaha daxil oan şəxslər də mebel sifariş verirlər".

Bakının ən böyük bazarı "bankrot" olur – Onlar hələ başlarına nə gələcəyini bilmirlər>>

"Həftəyə iki sifariş olur, öncələr isə həftəlik 5-6 satışımız olurdu, sifarişlərimiz isə daha çox olurdu", - deyə "Yağmur" mebel salonunun rəsmisi bildirib və qeyd edib ki, fabriklər qiyməti artırdıqları üçün onlar da mebellərin qiymətini qaldırıblar. Yəni "bu, onlardan asılı olmayan bir səbəbdir". 

Müəyyən modellərə endirimlər olsa da, bu da acınacaqlı vəziyyətdən çıxmağa kömək etmir. Sifarişlərin yox həddində olması isə mövcud modellərin uzun müddət mağazalarda qalmasına və bazanın yenilənməməsinə səbəb olur: "Öncələr bir fabrikdən bir TIR-la mebel çıxırdısa, indi 3-4 fabrikdən bir avtomobilimiz çıxır".

Mebel salonları vəziyyətdən yeganə çıxış yolunu toylara icazə verilməsində görürlər. Yoxsa toy qadağası davam etdiyi müddətcə "qızlarımız qalıb qızıla döndükcə" salonlardakı mebellər də həm dəb, həm də qiymət baxımından antikvariata çevrilmək üzrədir.