CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəblərdə ənənəvi dərs günlərinin sayı artırılır - DETALLAR

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib ki, əyani dərslərin sayının məktəblər tərəfindən artırılması mümkündür
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 fevral — Sputnik. "Bizə sinif rəhbəri tərəfindən məlumat verilib ki, məktəblərdə dərs günlərinin və dərs saatlarının müddəti artırılacaq. Hətta sinif rəhbəri hazırda bunun üçün yeni cədvəl hazırlandığını da söylədi. Bildirdi ki, gələn həftədən 5-9-cu siniflərdə ənənəvi dərs günləri həftədə üç dəfə, 6 saat olmaqla təşkil ediləcək".

Bu barədə məlumatı Sputnik Azərbaycan-a valideynlər veriblər. Leyla Mahmudova adlı valideynin sözlərinə görə, buna səbəb ənənəvi dərs günləri və dərs saatları az olduğu üçün valideynlərin uşaqları dərsə göndərməməsidir.

Sputnik Azərbaycan koronavirusa görə paytaxtda iki məktəbin bağlandığı ərəfədə əyani dərslərin artırılması ilə bağlı məlumatın düzgünlüyünü araşdırıb.

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bu xəbəri təsdiqləyib. O bildirib ki, məktəblərdə 5-9-cu siniflərdə əyani dərs günlərinin sayının həftədə üç dəfəyə qədər artırılması ilə bağlı məlumatlar həqiqətdir: "Bakı, Abşeron və Sumqayıtda 5-9 siniflərdə dərslər ənənəvi qayadada həftədə iki dəfə üç saat olmaqla keçirilir. Amma iki gün üç saat dərs vaxtı məktəbdə əsas dərslərin keçirilməsinə kifayət etmir. Fizika, kimya, biologiya kimi əsas dərslərin də əyani tədrisinə ehtiyac var. Ona görə də belə qərara alınıb ki, 5-9-cu siniflərdə ənənəvi dərs günlərinin sayı üçə, dərs saatlarının vaxtı isə 6 saata çatdırılsın".

K.Əsədov bildirib ki, koronavirusa yoluxma qeydə alınmayan məktəblərdə dərs günlərinin sayı artırılmalıdır: "Bu gün paytaxtda iki məktəb virusa yoluxmaya görə bağlansa da, bu ənənəvi tədrisin ləğvinə səbəb ola bilməz. Ancaq yoluxma qeydə alındığı məktəblərdə, yəni lokal olaraq ənənəvi tədris distant təhsillə tam əvəz edilməlidir".

Ekspert iki ay müddət üçün 10-11 siniflərdə əyani tədrisin səmərə verməyəcəyini söyləyir: "10-11 siniflər əsasən hazırlıqlara gedirlər. Onların artıq hazırlıq qrafiki bəllidir. 10-11 siniflərdə iki ay üçün ənənəvi tədrisin bərpası onların hazırlıqlarına mane olacaq".

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib ki, əyani dərslərin sayının məktəblər tərəfindən artırılması mümkündür: "Bunun üçün xüsusi qərara ehtiyac yoxdur. Hər məktəb şagird sıxlığına əsasən dərslərin sayını özü tənzimləyə bilər".

Əyani dərslərin keçirilmə günlərinin sayının artırılmasına gəlincə, nazirlik rəsmisi bunun qarşıdakı günlərdə yoluxma sayından, buna uyğun olaraq da Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı olacağını deyib.

Təhsil Nazirliyindən bildirildi ki, 1-21 fevral tarixlərində ölkə ərazisində 4427 məktəb, 71764 sinifdə qismən ənənəvi tədris təşkil edilib. Əyani tədrisə cəlb olunmuş şagirdlərin ümumi sayı 600 000, işçi sayı isə 120000 nəfərdir. Bu dövr ərzində əyani dərslərdə iştirak edən şagird və müəllimlərin davamiyyəti 90 faiz olub: "1-21 fevral tarixlərində ölkə üzrə virusa yoluxmuş şagirdlərin sayı 225 (əyani tədrisə cəlb olunmuş şagirdlərin 0,03 faizi), virusa yoluxmuş işçi heyətinin sayı 159 nəfər (ümumi işçi sayının 0,13 faizi) təşkil edib. Fevralın 22-dək distant təhsilə keçirilmiş siniflərin sayı 84, distant təhsilə keçirilmiş məktəblərin sayı 4-dür. Gigiyena və Epidemiologiya mərkəzlərinin qərarına əsasən, distant təhsilə keçirilmiş təhsil müəssisələri Respublika İncəsənət Gimnaziyası, Bakı şəhəri 82 nömrəli, Gəncə şəhəri 37 nömrəli və Ağdam rayonu Əfətli kənd tam orta məktəbləridir".

Qeyd edək ki, Nazirlər Kabinetinin sonuncu qərarı ilə əyani dərslər bərpa olunandan sonra distant təhsilin keçirilməsi ləğv olunub. Xatırladaq ki, 1 fevraldan etibarən ibtidai siniflərdə həftədə 3 dəfə olmaqla, 15 fevraldan etibarən isə yuxarı siniflərdə həftədə 2 dəfə olmaqla əyani dərslər qismən bərpa olunub. Hazırkı cədvəllə şagirdlərə bir gün 3, ikinci gün isə 2 dərs keçirilir.