Azərbaycandan Türkmənistana 70%-lik güzəşt

Sənədə əsasən, Azərbaycan və Türkmənistan “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökumətlərarası saziş bağlayacaq.
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 23 fevral — Sputnik. Milli Məclisin iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi məsələsinə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, müzakirələr zamanı sənədin əhəmiyyəti qeyd edilərək iki ölkə arasında əməkdaşlığa töhfə verəcəyi vurğulanıb.

Sənədə əsasən, "Dostluq" yatağının karbohidrogen resursları tərəflər arasında 30% Azərbaycan Respublikasına, 70% Türkmənistana nisbətində bölüşdürüləcək. "Dostluq" yatağından çıxarılmış beynəlxalq bazara ixrac üçün nəzərdə tutulmuş karbohidrogen resurslarının daşınması Azərbaycanın mövcud olan nəqliyyat tranziti sistemlərinin istifadə edilməsi ilə rəqabətqabiliyyətlilik şərtləri əsasında və beynəlxalq neft-qaz sənayesində qüvvədə olan normalara və təcrübəyə uyğun həyata keçiriləcək.

Sənədə əsasən, Azərbaycan və Türkmənistan “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökumətlərarası saziş bağlayacaq.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.