Gürcüstanda ara qarışdı – Müxalifət lideri kabinetində həbs edildi

Gürcüstanın hakim partiyası "Gürcü Arzusu"nun sədri İrakli Kobaxidze nümunəvi əməliyyata görə ölkənin DİN rəhbəri Vaxtanq Qomelauriyə təşəkkür edib.
Sputnik

BAKI, 23 fevral — Sputnik. Gürcüstanın paytaxtı Tbilisidə müxalif Vahid Milli Hərəkat (VMH) partiyasının rəhbəri Nika Meliya həbs olunub. Bu barədə Sputnik Gürcüstan xəbər verir.

Məlumata əsasən, Gürcüstanın Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Meliyanı partiyanın ofisində saxlayıb. Onun saxlanılması əməliyyatı zamanı gözyaşardıcı qazdan istifadə edib. Gürcüstanın Birinci kanalının məlumatına görə, siyasətçi ilə yanaşı, polisə müqavimətə görə ondan çox şəxs də saxlanılıb.

Gürcüstanın hakim partiyası "Gürcü Arzusu"nun sədri İrakli Kobaxidze nümunəvi əməliyyata görə ölkənin DİN rəhbəri Vaxtanq Qomelauriyə təşəkkür edib.

Gürcüstan müxalifəti isə Meliyanın həbsindən sonra aksiyalara başlayacaqlarını bildirib. Onlar artıq bununla bağlı hazırlıqlara başladıqlarını bəyan ediblər.

"Etiraz aksiyaları başlayacaq və onlar biz nəticə əldə edənə kimi – yeni seçkilər barədə qərar verilənə kimi – davam edəcək", - deyə Gürcüstan müxalifətinin nümayəndəsi Qiqa Bokeriya bildirib.

Xatırladaq ki, fevralın 17-si Tbilisi Şəhər Məhkəməsi Meliyanı 2019-cu ildə baş verən qarşıdurmalarla bağlı qiyabi həbs edib. Bundan sonra Gürcüstanda olan müxalif qüvvələrin təmsilçiləri VMH ofisinə gəliblər. Onlar partiyanın ofisində keşik çəkərək Meliyanın həbsinə imkan verməyəcəklərini bildiriblər. Bunun səhəri günü Gürcüstanın Baş naziri Giorgi Qaxariya istefa verib. O bəyan edib ki, Meliyanın həbsi qərarı ilə razı deyil.

Qeyd edək ki, Meliya Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin partiyasına rəhbərlik edir.