BAKI, 22 fevral - Sputnik. Ermənistan paytaxtında ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edənlərin yürüşü başlayıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, aksiya Yerevanın ucqar hissəsindən başlayıb və mərkəzinə doğru istiqamətlənib. Polis etirazçılara mane olmur.
"Onun (Paşinyanın - red.) hakimiyyətdən uzaqlaşdırılmasına dair bizim proqramıız var. Xalqla birgə onun getməsinə nail olacağıq. Konstitusiya yolu ilə gedirik", - etiraz yürüşünün təşkilatçılarından biri, "Daşnakütun" partiyasının nümayəndəsi İşxan Saqatelyan deyib.
Saqatelyan bundan öncə də non-stop rejimdə hər gün etiraz aksiyalarının keçiriləcəyini bəyan eləmişdi.
Müxalifətin baş nazir qismində görmək istədiyi Vazgen Manukyan isə fevralın 20-də 20 siyasi gücün iştirak etdiyi mitinqdə müxalifəti "istənilən vaxt üsyanla hakimiyyəti ələ keçirməyə hazır olmaları" barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, bu, B planıdır. A planı isə baş naziri istefaya məcbur edəcək kütləvi etiraz aksiyalarıdır.
2020-ci ilin noyabrında Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanatın imzalanmasından sonra müxalifət Paşinyanın istefasını tələb edərək mitinqlər keçirir.