CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xalq artisti Sevilin intiharından yazdı, onu müzakirə edənləri sərt tənqid etdi

"İndi də intihar edənləri, araşdırmadan, "Allaha qarşı çıxdı" adıyla, ağzınız köpüklənə-köpüklənə lənətləyirsiniz. Yaradana ən böyük itaətsizlik edənin, ona qarşı çıxanın ən yekəsi elə özünüzsünüz".
Sputnik

BAKI, 22 fevral — Sputnik. Xalq artisti Faiq Ağayev 20 yaşlı Sevil Atakişiyevanın intiharına münasibət bildirib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni sosial şəbəkədə yayımladığı statusunda bunları qeyd edib: "Nə kimi əməlisalehlik etmişiniz bu həyatda? Həddi-buluğa çatmayan qız uşağını ərə verənlərə "el adətidir" deyib, bəraət qazandırdınız. Zorlanan qıza yox, cinayətkara can yandırdınız. Özgənin halal zəhmətlə qazandığı mal-mülkünə qarətçi göz dikib, "haramla yığıb da!" dediniz. Qız uşağı doğulmasın deyə, nəsillikcə şiddət göstərib, həyat yoldaşlarınızı aborta məcbur etdirdiniz. Uşaqlarınızın gələcəyini düşünmədən "həzmi-rahat" edib, onları təhsildən uzaqlaşdırıb, bu gününüzə qurban etdiniz.

İndi də intihar edənləri, araşdırmadan, "Allaha qarşı çıxdı" adıyla, ağzınız köpüklənə-köpüklənə lənətləyirsiniz. Yaradana ən böyük itaətsizlik edənin, ona qarşı çıxanın ən yekəsi elə özünüzsünüz. Özünüzdən başlayın bu dünyanı səliqə-sahmana salmağa. Əlbət ki, onda Allah özü sizə yar və yardımçı olar".