Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 22 fevral — Sputnik. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində operator sənəti üzrə təhsil alan birinci kurs tələbəsi və Azərbaycan Fotoqrafları Birliyinin üzvü Sadıq Əliverdibəyli "35 awards" tərəfindən təşkil edilən beynəlxalq fotomüsabiqədə iştirak edib.
Sadıq Əliverdibəyli Sputnik Azərbaycan-a verdiyi məlumata görə, bu onun iştirak etdiyi ilk beynəlxalq müsabiqədir: "Müsabiqə 2020-nin mart ayından iyul ayına kimi davam edib. Müsabiqə barədə təsadüfən xəbər tutdum. Qərara gəldim ki, mən də fotomu göndərim həmin müsabiqəyə. Sözün açığı, inanmırdım yer tutacağıma. Fotonu göndərdim, amma maraqlanmadım nəticəsi ilə. Fotomüsabiqədə "Quatantine (COVID-19)" nominasiyası üzrə 120 ölkədən qatılan 3 min 289 iştirakçı arasından fotoqraf olaraq TOP 15-də yer aldım. Müəllifi olduğum "Yuyunan Bakı" (Washing Baku) adlı fotom isə müsabiqəyə təqdim edilən 7 min 828 foto içərisindən TOP 19-da yer alıb.