BAKI, 20 fevral — Sputnik. Yaponiyanın məşhur avtomobil firması olan Nissan Fukuşimada baş verən zəlzələdən sonra istehsalını müvəqqəti olaraq dayandırmağı qərara alıb.
Sputnik Azərbaycan Anadolu Agentliyinə istinadla xəbər verir ki, güclü zəlzələdən sonra avtomobil hissələrinin tədarükünün gecikməsi səbəbindən şirkət ölkədəki bəzi müəssisələrdə istehsalın dayandırılmasına qərar verib.
Bu səbəbdən də Nissan gələn həftə Oppama və Şatai müəssisələrində istehsalı tam, Şonan zavodundakını isə qısa müddətə dayandıracaq.
Qeyd edək ki, baş verən zəlzələ ilə əlaqədar olaraq "Toyota" da 9 fabrikində 14 seriyanın istehsalının müvəqqəti olaraq dayandırdığını açıqlamışdı.
Xatırladaq ki, fevralın 13-də Fukuşima əyalətində 60 kilometr dərinlikdə 7.3 bal gücündə zəlzələ baş vermiş, nəticədə 160 nəfər yaralanmışdı. Zəlzələ nəticəsində itkin düşənlərin də olduğu, amma itkilərin qeydə alınmadığı bildirilib.