CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda 108 yaşlı qadın koronavirusdan peyvənd olundu - FOTO

Rayonun ən uzunömürlü sakininin qaydalara uyğun olaraq əvvəlcə təziyqi ölçülüb, səhhəti imkan verdiyindən ona koronavirus əleyhinə vaksin vurulub
Sputnik

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 19 fevral — Sputnik. Ölkədə vaksinasiya prosesinin ikinci mərhələsi davam edir. Regionlarda tibb işçilərinin ardından yaşlı sakinlərin də peyvəndlənməsi işi həyata keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, bu gün Yevlaxın ən yaşlı sakini də peyvənd edilib. Rayonun Qoyunbinəsi kəndində yaşayan 108 yaşlı Növrəstə Məmişova vaksin edilmək üçün xəstəxanaya müraciət edib.

Rayonun ən uzunömürlü sakininin qaydalara uyğun olaraq əvvəlcə təziyqi ölçülüb, səhhəti imkan verdiyindən ona koronavirus əleyhinə vaksin vurulub. Yaşlı qadın özünü normal hiss etdiyindən evə buraxılıb.

Növrəstə Məmişova 1913-cü ildə Kəlbəcərin Şaplar kəndində dünyaya göz açsa da daha sonra ailəsi ilə birgə Yevlax rayonunun Qoyunbinəsi kəndində köçüb və orada yaşayıb.

Qeyd edək ki, 8 fevral 2021-ci il tarixdən Yevlaxda 65 yaşdan yuxarı şəxslərin peyvəndləməsinə başlanılıb. Hazırda rayonda peyvəndləmə işi sürətlə davam edir.