CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəzasızlığın ayaq səsləri - Cəmiyyətdə pedofiliya sevgisi formalaşır

"Təəssüf hissi ilə deyim ki, qanunları əzənlər arasında elə məmurlar da var. Baxın, bizə daxil olan şikayət əsasında məlum oldu ki, 16 yaşında ana olan qadının qaynatası Ağstafada icra nümayəndəliyində çalışır"
Sputnik

BAKI, 19 fevral — Sputnik. "Erkən nikahlar cəmiyyətimizin böyük fəlakətinə çevrilib. O, bizim dünənimizdə, bu günümüzdə olsa da, gəlin onu sabaha saxlamayaq. Bu gün erkən nikahın tərəfdarı olanlar arasında bizim nəsildən olanlar, bizim nəslimizdən öncəki nəsildən olanlar, o cümlədən gənc nəslin nümayəndələri də var.

Oğlanlar evlənməyə qız tapmayacaqlar - Demoqrafik təhlükə
 Artıq cəmiyyətimizdə pedofiliya sevgisi formalaşıb". Bu barədə "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə bu gün Sputnik Azərbaycan-da "Erkən nikahla mübarizə üçün nə etməli?" mövzusunda canlı yayımda danışarkən deyib.

K.Ağazadə bir müddət öncə Gürcüstanda yaşayan azərbaycanlı ailənin öz azyaşlı qızını 15 yaşlı oğlanla nişanlaması hadisəsinə də münasibət bildirib: "Gürcüstanda baş verən hadisə ilə bağlı mənə o kənddən də zənglər gəldi. Həmin qızın təhsil aldığı məktəbin direktoru da zəng vurmuşdu. Məlum oldu ki, qız 8-ci sinifdə oxuyurmuş. Bir sözlə, məsələyə dərhal reaksiya verilsə də, valideynlər cəzasız qaldılar. Nəyə görə?! Çünki bu mərasimin nişan, adqoydu olduğunu deyərək cəzasız qaldılar. İnanın, bu gün biz qızları erkən nikaha sövq etməklə nə qədər qızcığazın çiyninə böyük yük, içinə bir qadın, ana qoyuruq, artıq onun bətnini formalaşdırırıq".

K.Ağazadə övladlarının hüquqlarını əlindən alan, erkən yaşda ailə qurmaq, ana olmağın nə olduğunu anlamayan qızcığazlara qarşı bu cür rəftar edən valideynlərlə bağlı qanunvericilikdə müəyyən sərtləşmələrin olmasının tərəfdarıdır:

"Valideynlər "nişandır, adqoydudur" deyib məsuliyyətdən yayınırlar. Biz bunun da qarşısını almalıyıq. Qanunvericiliyə müəyyən bəndlər əlavə etməliyik ki, sabah erkən nikahı nişan, adqoydu adlandıranlar belə məsuliyyətlərinin yarandıqlarından xəbərdar olsunlar. Belə olan halda biz onların qarşısına qanunu qoyacağıq və valideyn biləcək ki, bu etdiyinə görə azı 3-4 min manat dəyərində cərimələnəcək".

Birlik sədri erkən yaşlarda qızlarını ərə vermək istəyən, davamlı olaraq qızlarına bunu aşılayan valideynlərin həm də psixoloji zorakılığa səbəbkar olduqlarını deyir: "Biz bu mövzudan danışarkən psixoloji zorakılığı unutmamalıyıq. Axı bu qızcığazlar hələ də kuklalarını sevirlər, onları geydirməkdən, bəzəməkdən zövq alırlar.

Millət vəkili: "Cəmiyyətdə cahilliyin üzünə tüpürəcək Kefli İsgəndərimiz də yoxdur"
 Nə qədər bu qızların qulaqlarının dibində "filankəs ərə getdi, sən qaldın", yaxud da, "at o kuklanı bir qırağa, sənin ərə gedən yaşındır" ifadələri səsləndirilir. Valideynlərdən niyə qızlarını erkən nikaha sövq etdiyini soruşduqda isə "nə edək, bu bizim kəndimizin adətidir" deyirlər. Biz nə qədər ki ənənələri şah bilsək, qanunlarımız əziləcək, özümüz əziləcəyik. Amma təəssüf hissi ilə deyim ki, qanunları əzənlər arasında elə məmurlar da var. Baxın, bizə daxil olan şikayət əsasında məlum oldu ki, 16 yaşında ana olan qadının qaynatası Ağstafada icra nümayəndəliyində çalışır. Qız isə "könüllü cinsi münasibətə girmişəm" deyir. Mənə nə qədər gənc qadınlar müraciət edirlər, hansı ki, onlar müxtəlif xəstəliklərdən, o cümlədən də döş xərçəngi və xərçəngin digər növlərindən əziyyət çəkirlər. Araşdıranda bəlli olur ki, onlar da erkən yaşlarda ərə veriliblər".

"Çox istərdim ki, Azərbaycanda icra hakimiyyətləri yanındakı komissiyalar erkən nikahla bağlı məsələləri araşdırsınlar, onlar mütəmadi işlər aparsınlar, həssas qrupları araşdırıb ortaya çıxarsınlar. Bilirsiniz, bu kimi arzuolunmaz hadisələrdən xəbərdar olanlar əksər hallarda anonimliyinin qorunmamasından narahat olurlar. Onlar deyirlər ki, biz sizə inanırıq ki, anonimliyi qoruyacaqsınız, amma dindirən şəxs bunu etməyəcək axı. Baxın, bunun da bir mexanizmini işləyib hazırlamalıyıq", - deyə K.Ağazadə əlavə edib.

K.Ağazadə canlı yayımda günümüzün digər aktual məsələlərinə də toxunub:

"Bu gün erkən nikah günümüzün əsas bəlasıdır. Amma digər problem də var. Baxın, erkən nikaha sövq edilən qızlarla yanaşı, hicablı ailədə böyüyən qızların da seçimləri yoxdur. Mən qızlarını erkən nikaha sövq edənlərlə erkən yaşda qızına hicab bağlatdıranları bərabər tuturam".