CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qadınların adı çıxıb: Kişi sürücülər əks cinsdən dəfələrlə çox avtoqəza törədib

2020-ci il ərzində avtomobil sığortası üzrə baş vermiş hadisələrdə qadın sürücülər 822 dəfə, kişi sürücülər isə 17 min 927 dəfə təqsirkar olub.
Sputnik

BAKI, 18 fevral - Sputnik. Azərbaycan Sığortaçılar Assosiasiyası 2020-ci ilin yekunlarına həsr etdiyi “İllik icmal” bülletenində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə bağlı maraqlı statistika açıqlayıb.

Sputnik Azərbaycan Avtosfer-ə istinadla xəbər verir ki, ASA-nın bülletenində ötən il ərzində ən çox qəza törətmiş və təqsirkar olan sürücülərin hansı cinsin nümayəndələri olduğunu açıqlayıb.

Belə ki, “İllik icmala” görə 2020-ci il ərzində avtomobil sığortası üzrə baş vermiş hadisələrdə qadın sürücülər 822 dəfə, kişi sürücülər isə 17 min 927 dəfə təqsirkar olub.

Baş vermiş sığorta hadisələrinə görə qadın sürücülərin təqsirkarlığı nəticəsində həyata keçirilmiş ödəniş qeyd olunan növ üzrə ümumi sığorta ödənişlərinin 4%-ni, kişi sürücülərin təqsirkarlığı isə 96%-ni təşkil edir.