Elvin Səlimov, Sputnik Azərbaycan
BAKI, 18 fevral — Sputnik. İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, bir sıra dövlət şirkətlərinin bugünkü fəaliyyəti günün tələblərinə uyğun deyil, bəzi hallarda isə idarəetmənin effektivliyi aşağıdır. Nazir deyib ki, dövlət şirkətləri büdcə gəlirlərinin formalaşmasında mühüm rol oynamalı olduğu halda, zərərlə çalışırlar.
Əslində, iqtisadiyyat nazirinin dövlət şirkətlərinin fəaliyyəti haqqında söylədikləri bu gün ortaya çıxmış həqiqət deyil. 2019-cu ilin nəticələrinə görə, ölkədə ən böyük zərərlə işləyən dövlət şirkətləri “Azərbaycan Dəmir Yolları” QSC və “Azərsu” ASC-dir. Yetərincə subsidiyalar ayrılmasına, kreditlər verilməsinə rəğmən dövlət şirkətləri zərərlə çalışıb, dövlətə yük olmağa davam edirlər. Bu şirkətlərin zərərlə işləməsinin yükünü isə həm də vətəndaş çəkir. Dövlət şirkətlərinin zərərlə işləməsi adiləşsə də, zərərin səbəbləri aktuallığını qoruyur. Hüquqşünasların fikrincə, dövlət şirkətlərinin zərərlə fəaliyyətinin əsas səbəbi qeyri-effektiv idarəetmə sisteminin qurulmasıdır və bu sistem korrupsiya fəaliyyətinə geniş imkanlar açır.
Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Əliməmməd NuriyevSputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dövlət şirkətlərində idarəetmə prosesi tamam dəyişməlidir: “Dövlət şirkətlərində və onun digər strukturlarında bütün səlahiyyətlərin bir şəxsin əlində cəmlənməsi effektiv nəzarətə imkan vermir. Ümumiyyətlə, gələcək dövrlərdə dövlət şirkətlərinin sayının azaldılması haqqında düşünmək lazımdır”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin vəzifəli şəxsi rüşvət və dələduzluğa görə həbs edilib>>
Hüquqşünas Əkrəm Həsənov da dövlət şirkətlərindəki problemlər, xüsusən də korrupsiyaya şərait yaradan hallarla bağlı fikirlərini bölüşüb.
Hüquqşünas deyir ki, dövlət şirkətləri üzərində vahid nəzarətin olmaması korrupsiyaya yol açır: “Hər şirkət özü üçün bir qayda müəyyən edib, elə də fəaliyyət göstərir. Qeyd etmək istərdim ki, əsas korrupsiya fəaliyyətləri dövlət satınalmaları prosesində baş tutur. Ehtimallar var ki, bu satınalmalar zamanı şişirdilmiş qiymətlər göstərilir, zəruri ehtiyac duyulmayan xidmətlər üçün xərclər çəkilir. Bəzi iddialar var ki, satınalmanın qalibi olan şirkətlər dövlət şirkətlərinə yaxınlığına görə seçilir. İndi isə İnvestisiya Holdinqi yaradılıb. Düşünürəm ki, bundan sonra dövlət şirkətlərində korrupsiya hallarına yol verməmək üçün vahid yanaşma olacaq”.
""Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanununa riayət etmək lazımdır. Bu qanunda da göstərilib ki, satınalma həyata keçirmək istəyən dövlət şirkəti cari ilin oktyabr ayının 15-dən gec olmayaraq növbəti il üçün ilkin satınalma planını hazırlayaraq təsdiq etməli və dövlət satınalmalarının vahid internet portalında yerləşdirməlidir. Ancaq biz bu gün həmin internet portalına baxsaq, əksər dövlət şirkətlərinin bu məlumatları yerləşdirmədiyini görəcəyik. İqtisadiyyat Nazirliyi doğru yoldadır ki, belə halları ifşa edir”, – deyə o bildirib.