Azərbaycan və Türkiyə arasında 11 saziş imzalanıb: Biri ticarət dövriyyəmizi artıracaq

Türkiyənin ticarət naziri: “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” 1 martdan etibarən qüvvəyə minəcək. Razılaşmanın əhatə dairəsinin genişləndirilməsi üçün işlərə başladıq”
Sputnik

BAKI, 18 fevral - Sputnik. Azərbaycan və Türkiyə arasında 11 saziş bağlanıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, sənədlər bu gün Ankarada keçirilən Türkiyə-Azərbaycan İş Forumu çərçivəsində imzalanıb.

Sazişlər Azərbaycan və Türkiyə arasında iqtisadi-ticari və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlıdır.

Türkiyənin ticarət naziri Ruhsar Pekcan Forumda çıxışı zamanı deyib ki, Azərbaycanın zəfəri bölgənin ticarət və logistik quruluşunu dəyişəcək yeni dönəmin başlanğıcı olub. Bu yeni dönəmdə də Azərbaycanın yanında, onunla işbirliyi içərisində olacaqlar:

"“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” 1 martdan etibarən qüvvəyə minəcək. Razılaşmanın əhatə dairəsinin genişləndirilməsi üçün işlərə başladıq”.

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” 2020-ci il fevralın 25-də imzalanıb, həmin il mayın 31-də Milli Məclis Sazişi təsdiqləyib.

Sənədə əsasən, Azərbaycan və Türkiyə arasında Birgə Komitə təsis ediləcək. Birgə komitə bu sazişin tətbiq edilməsindən əldə olunan irəliləyişin nəzərdən keçirilməsi üçün ildə ən azı bir dəfə görüşəcək. Həmçinin, birgə komitə zəruri hesab etdiyi təqdirdə hər hansı alt komitələr və işçi qrupları yarada bilər.

Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi ilə bağlı mühüm müddəalar əksini tapıb. Saziş razılığa gələn hər bir tərəfin həmin Sazişin qüvvəyə minməsi üçün milli qanunvericiliyində tələb olunan bütün prosedurların başa çatdırıldığını təsdiq edən sonuncu diplomatik bildirişin alınmasından sonrakı ayın ilk günü qüvvəyə minməlidir.

Saziş müddətsiz bağlanıb, razılığa gələn tərəfin diplomatik kanallar vasitəsilə onun ləğv etmək barədə niyyətini bildirənədək etibarlıdır. Bu halda Saziş digər razılığa gələn tərəfin ləğvetmə bildirişini aldığı tarixdən sonrakı yeddi ayın ilk günü qüvvəsini itirəcək.