Ölkədə çörəyin qiymətinin artmaması üçün Ehtiyat Fondundan vəsait ayrılacaq

İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, satılan unun hər tonuna görə un istehsalçılarına subsidiyanın verilməsi qaydasını təsdiq edəcək.
Sputnik

BAKI, 17 fevral — Sputnik. Nazirlər Kabineti "Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə" qərar verib.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə bu Qərarın 2-ci hissəsi ilə müəyyən edilmiş qaydada 2021-ci il fevralın 1-dən mayın 1-dək olan dövrdə 35 (otuz beş) manat məbləğində subsidiya veriləcək.

İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, satılan unun hər tonuna görə un istehsalçılarına subsidiyanın verilməsi qaydasını təsdiq edəcək.

Eyni zamanda, İqtsiadiyyat Nazirliyi un istehsalçılarına verilən subsidiyanın bu qaydaya uyğun ödənilməsini təmin etməli və un istehsalçılarına ödənilmiş subsidiya barədə icmal hesabatı 2021-ci il 1 iyun tarixinədək Nazirlər Kabinetinə təqdim etməlidir.

Bu Qərarın 1-ci və 2-ci hissələrinə uyğun olaraq subsidiyanın ödənilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının 2021-ci il Dövlət büdcəsinin Ehtiyat Fondundan müvafiq məbləğdə vəsait ayrılacaq.

İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə ərzaqlıq buğda ehtiyatının yaradılması və dünya birjalarında buğda qiymətlərinin ölkədaxili buğda qiymətlərinə təsirinin azaldılması üçün müvafiq tənzimləmə və nəzarət üzrə dayanıqlı mexanizmin formalaşdırılmasına dair təkliflərini 2 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etməlidir.