Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 17 fevral — Sputnik. 16 fevral tarixində Yaponiya hökuməti Azərbaycan və Ermənistan arasında baş vermiş silahlı toqquşmadan nəticələnən humanitar böhranla bağlı yardım qismində Azərbaycana 1,2 milyon dollar məbləğində təcili qrant ayrılması qərarı verib. Bu barədə Yaponiyanın Azərbaycandakı səfirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, bu Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), BMT-nin Dünya Qida Proqramı (WFP) və Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) tərəfindən beynəlxalq cəmiyyətə ünvanlanmış yardım müraciətinə əsaslanaraq, zərərçəkmiş və evakuasiya məkanlarının bərpası, tibb sahəsinə dəstək, yardım ləvazimatlarının təqdim olunması kimi yaşam şəraitinin yaxşılaşdırılmasına yönəlmiş qrant yardımıdır.
Bu qrantda nəzərdə tutulmuş yardımlar aşağıda detallı şəkildə qeyd olunub.
- Bir qabaqcıl xəstəxanaya tibbi avadanlıqlarla bağlı yardım
- Təxmini 500 nəfərə təhlükəsiz su mənbələrinə çıxışın təmin olunması
- Təxmini 6400 nəfər üçün müvəqqəti sığınacaq yerlərinin bərpası və soyuqla mübarizə aparmaq üçün yardım ləvazimatlarının təmin olunması
- Təxmini 8000 nəfər üçün qida yardımının həyata keçirilməsi
Azərbaycan müstəqillik qazandıqdan sonra Yaponiya hökuməti Azərbaycanda inkişafa rəsmi yardım layihələrinin icrasına başlayıb, indiyədək təxmini 1 milyard dollar məbləğində güzəştli kredit, 100 milyon dollardan çox qrant layihəsi həyata keçirib.
Qeyd olunub ki, Yaponiya bundan sonra da Azərbaycana yardımı davam etdirmək niyyətindədir.