Qışlamaq üçün Abşeron yarımadası sahillərinə uçub gəlmiş flaminqolar son günlərin əsas müzakirə mövzularından birinə çevrilib. Bu isə heç də təəccüblü deyil. Çəhrayı qanadlı bu quşlar öz gözəlliyi ilə hamını valeh edir. Təbiətsevərlər binokllarını, teleskoplarını, fotoaparatlarını qoltuqlarına vurub dəniz sahilinə yollanırlar ki, həm bu qeyri-adi quşlara tamaşa etsinlər, həm də onların gözəlliklərini texnikanın yaddaşına köçürsünlər.
Abşeron Milli Parkından bildirilib ki, flaminqolar hər il Xəzər dənizinin cənub-şərqində, Bakıdan 180 kilometr uzaqlıqda, Lənkəran, Masallı və Neftçala rayonlarının inzibati ərazisindəki Qızılağac Qoruğuna qışlamağa gəlirlər. Ancaq quşların bir hissəsi Abşeron sahillərində məskunlaşır. Hazırda orada təxminən yüz quş var.
Yeri gəlmişkən, Abşeron yarımadasının cənub-şərq hissəsində, Şah Dili bölgəsində yerləşən Abşeron Milli Parkına da baş çəkməyə dəyər. Milli parkda ceyranlar, çaqqallar, tülkülər, porsuqlar, dovşanlar məskunlaşıb, Xəzərin sularında isə suitilər, balıqlar, quşlar (gümüşqanad qağayı, lal ququsu) və digər nadir canlılar yaşayır. Bu heyvanların çoxu Azərbaycanın Qırmızı Kitabına daxil edilib.