MƏDƏNİYYƏT

Qadınlara şiddətə işarə edən azərbaycanlı Türkiyədə birinci oldu - FOTO

Karikaturaçı Seyran Cəfərli beynəlxalq müsabiqədə iştirak üçün cəmi bir əsər təqdim etsə də birinciliyi qazana bilib
Sputnik

BAKI, 16 fevral — Sputnik, Kəmalə Əliyeva. Azərbaycan Karikaturaçılar Birliyinin üzvü Seyran Cəfərlinin qadınlara qarşı şiddətə həsr etdiyi əsəri Türkiyənin İzmir şəhərində təşkil olunan beynəlxalq müsabiqədə birinci yeri tutub. 

Fevralın əvvəlində başlayan müsabiqəni İzmir bələdiyyəsi təşkil edib. Müsabiqə gender bərabərliyi və qadın hüquqlarına həsr olunub. 

Şərtlərə görə, hər iştirakçı üç əsər təqdim edə bilərdi, ancaq azərbaycanlı rəssam münsiflər heyətinə bircə karikatura göndərib. 

"Qadına qarşı şiddətə dair xeyli iş var, ona görə də yeni ideyalar tapmalısan. Karikaturanın eskizini bu cür fikirləşdim və müsabiqəyə yolladım. Rənglərdən istifadə etmək istəmədim - karikaturanı ağ-qara çəkdim. Şəkildəki saatın ancaq bir əqrəbi var, o, kişi rəmzidir. Qadına işarə edən ikinci əqrəb isə ortadan bölünərək düşüb. Təəssüf ki, bu mövzu dünyada aktualdır", - Cəfərli deyib.

Rəssam əmindir ki, bir neçə orta səviyyəli əsərdənsə müsabiqəyə bir keyfiyyətlisini göndərmək daha yaxşıdır. 

Ümumilikdə müsabiqədə 62 ölkədən 549 müəllif iştirak edib. Münsiflər 1772 iş arasından finala 9-nu layiq görüblər. İnsanların əsərlərlə tanış olub rəssamların əməyini qiymətləndirməsi üçün işlər müsabiqənin sosial şəbəkədəki səhifəsində yerləşdirilib.

Qadınlara şiddətə işarə edən azərbaycanlı Türkiyədə birinci oldu - FOTO

"1772 karikatura arasından mənim işimin seçildiyinə görə sevincliyəm. Müsabiqələrə əsər göndərəndə birinci yerə çıxacağımı gözləmirəm. Hesab edirəm ki, istənilən halda istedad qalib gəlir", - rəssam deyib. 

Seyran Cəfərli 45-dən çox beynəlxalq karikatura müsabiqəsinin münsif üzvü olub. Onun 150-dən çox beynəlxalq mükafatı var. Hətta BMT ona xüsusi ödül də verib. Rəssamın mindən artıq əsəri beynəlxalq karikatura yarışlarında nümayiş olunub, albomlara daxil edilib. Belçika, Türkiyə, Fransa və İranda S.Cəfərlinin fərdi sərgiləri keçirilib.