BAKI, 16 fevral — Sputnik. Hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin 78-ci sessiyasında sədr müavini vəzifəsinə seçilib.
Sputnik Azərbaycan xəbər verir ki, Elgün Səfərov 18 ilə yaxın insan hüquq və azadlıqlarının təmin edilməsi, beynəlxalq hüquq, beynəlxalq sülhün və təhlükəsizliyin qorunması, beynəlxalq humanitar hüquq, qadın və uşaq hüquqlarının müdafiəsi və digər sahələr üzrə BMT-də, ATƏT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq təşkilatlarda ölkəni təmsil edir.
Ekspert uzun illər ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Avropa Şurasının Gender bərabərliyi Komissiyasının (2007-2018-ci illər) fəaliyyətində iştirak edib. E.Səfərov Bakı Dövlət Universitetində və Dövlət Gömrük Akademiyasında beynəlxalq hüquq, ailə hüququ, beynəlxalq humanitar huquq və digər fənnləri tədris edib. Ekspertin ingilis, rus və azərbaycan dilində 50-dən çox elmi araşdırma və tədqiqatları çap edilib.