RUSİYA

Almaya qoyulan qadağa ləğv edildi

37 alma istehsalı müəssisəsinə Rusiya Federasiyasına ixrac üçün icazə verilib. Hazırda həmin müəssisələrin məhsul ixracında heç bir məhdudiyyət mövcud deyil və bu təsərrüfat sahibləri məhsullarının ixracını sərbəst şəkildə həyata keçirə bilirlər.
Sputnik

BAKI, 16 fevral - Sputnik. Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlarla birgə müvafıq tədbirlər davam etdirilir.

Məsələ ilə bağlı AQTA və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin nümayəndə heyətləri arasında videokonfrans formatında görüşlər keçirilib, alma ixracına qoyulan məhdudiyyətlə bağlı geniş müzakirələr aparılıb, eləcə də Agentliyin əməkdaşları tərəfindən təsərrüfatlarda monitorinqlər keçirilib.

Həyata keçirilən tədbirlər çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən və hazırda soyuducu anbarlarda məhsulu olan 37 alma istehsalı müəssisəsi haqqında zəruri məlumatlar rəsmi qaydada Rusiya Federasiyasının müvafiq qurumuna təqdim olunub. Aparılan danışıqlar nəticəsində 37 alma istehsalı müəssisəsinə Rusiya Federasiyasına ixrac üçün icazə verilib. Hazırda həmin müəssisələrin məhsul ixracında heç bir məhdudiyyət mövcud deyil və bu təsərrüfat sahibləri məhsullarının ixracını sərbəst şəkildə həyata keçirə bilirlər.