Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 15 fevral — Sputnik. Paytaxtda bəzi avtoyuma məntəqələrində qiymətlər bahalaşıb. Məlumatlara görə, qiymətlər sedan və SUV avtomobillərinə görə dəyişir. Sosial şəbəkələrdə avtoyuma məntəqələrində qiymətlərin suyun qiymət artımından sonra baş verdiyi bildirilsə də, avtoyuma məntəqələrində bahalaşmanın səbəbi başqa amillərlə izah edilir.
Sputnik Azərbaycan-a paytaxtın Yasamal rayonu ərazisində avtoyuma məntəqəsinin yuyucusu bildirib ki, qiymət 2 manat civarında bahalaşıb.
Rüfət Orucov adlı yuyucu bildirib ki, qiymətlər suyun qiymətində bahalaşmadan sonra artsa da, səbəb əslində bu deyil: "Hazırda sedan avtomobilləri 8 manata yuyuruq. Əvvəl isə bu qiymət 6 manat idi. SUV avtomobilləri isə 10 manata yuyuruq. Əvvəl qiymət 8 manat idi".
R.Orucov deyir ki, qiymətdə bahalaşmanın səbəbi bazardakı qiymət artımıdır: "Qeyri-əhali abonentləri üçün suyun qiyməti bahalaşmayıb. Amma biz qiyməti həm də suyun qiyməti artdığı üçün artırmışıq. Biz evdə işlətdiyimiz suya görə artıq pul ödəməli oluruq. Bazarda isə bütün ərzağın qiyməti bahalaşıb. Biz də qiyməti artırmalıyıq ki, dolana bilək".
Digər avtoyuma məntəqələrində də qiymət artımının 2-3 manat arasında dəyişdiyini bildirdilər. Avtoyuma məntəqələrində çalışan yuyucular bildirdilər ki, ölkədə ümumi bahalaşma fonunda avtoyuma qiymətləri də bahalaşıb.
Həmsöhbət olduğumuz avtomobil yuyucuları bildirdilər ki, hazırda sedan avtomobilləri 8, SUV avtomobillər 10, 7 oturacaq yeri olan avtomobillər isə 12 manata yuyulur.
Amma qiyməti bahalaşdırmayan avtoyuma məntəqələri də var. Onlar deyirlər ki, bazarda bahalaşma qiyməti artırmağa əsas versə də, onlar öz müştərilərini itirməmək üçün qiyməti qaldırmırlar: "Biz elə əvvəldən suyun bir kubuna 1 manat ödəyirik. 1 manat isə tullantı sularının axıdılmasına görə ödənilir. Bizim üçün heç nə dəyişməyib. Amma bazarda bütün məhsulların qiyməti artıb. Təkcə avtoyumada qiymət bahalaşmayıb. Avtotəmir yerlərində də, digər xidmətlərdə də bahalaşma var".