Elvin Səlimov, Sputnik Azərbaycan
BAKI, 15 fevral — Sputnik. “Biz yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik. Biz işğal zamanı zərər görmüş mədəni irs abidələrinin vəziyyətinin qiymətləndirilməsində ICESCO-nun Azərbaycan hökuməti ilə birgə çalışmağa hazır olduğunu yüksək qiymətləndiririk”. Bu fikirləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ICESCO-nun “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə keçirdiyi tədbirdə videoformatda çıxış edərkən deyib.
Vitse-prezidentin fikirlərini Sputnik Azərbaycan-a şərh edən Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov bildirib ki, Azərbaycan hər zaman multikultural ənənələrini dünyaya nümayiş etdirib.
Tarixçi deyib ki, Azərbaycanın sahib olduğu fərqli mədəniyyət nümunələri zənginliyinin göstəricisidir: “Baxmayaraq ki, Azərbaycan əhalisinin böyük hissəsi müsəlmandır, ancaq xristian abidələrinin bərpa edilməsinə böyük diqqət yönəlib. Həm alban-udin icmasına, həm də digər xristian icmalara verilən dəstək bunu əyani şəkildə göstərir. Qarabağ ərazisində Azərbaycan tarixinin bütün mərhələlərinə aid maddi-mədəniyyət nümunələri mövcuddur. Xristian abidələri haqqında isə onu deyə bilərəm ki, bu abidələr işğal dövründə ya dağıdılıb, ya da erməniləşdirilib.
Çar Rusiyası dövründə tikilən pravoslav kilsələri ermənilər tərəfindən bərbad vəziyyətə salınıb, bəziləri isə dəyişdirilib. Bir faktı qeyd edim ki, Azərbaycanın Xocavənd rayonu ərazisində yerləşən pravoslav kilsəsi ermənilər tərəfindən dağıdılıb. Şuşada olan pravoslav kilsəsinin isə mahiyyəti dəyişdirilib və erməni kilsəsinə çevrilib. Ermənilərin bu coğrafiyada 200 ildir məskunlaşmalarına baxmayaraq, Azərbaycan onların abidələrinə qarşı da tolerant münasibət göstərir”.
Tarixçi bildirir ki, Azərbaycan işğal dövründə ərazilərində qanunsuz olaraq tikilmiş məbədlərə də toxunmayacaq: “Halbuki o abidələrlə bağlı qərar hüququ Azərbaycana məxsusdur və biz onların təyinatını da dəyişə bilərik. Amma Azərbaycan hər zaman mənəvi qanunlara hörmətlə yanaşıb”.
Politoloq Ramiyyə Məmmədova isə deyir ki, tarix boyunca Azərbaycan ərazisində müxtəlif dinlərə inanan çoxlu etnoslar yaşayıb: “İstər işğaldan azad edilmiş torpaqlarımızda, istərsə də ölkəmizin digər ərazilərində qədim Albaniya dövlətinə məxsus çox sayda mədəni abidələr mövcud olub. Ermənistanın işğalçı siyasəti və tarixi saxtalaşdırma fəaliyyəti nəticəsində bu abidələr böyük ziyan çəkib. Azərbaycan uzun illərdir tarixi mədəniyyət abidələrinin qorunması üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. İşğal dövründə ərazilərimizə nəzarət imkanlarımızın olmaması nəticəsində həmin yerlərdəki tarixi abidələrimiz dağıdılıb, dini abidələrimizə qarşı təhqiramiz münasibət göstərilib. Bununla belə, Azərbaycan hökuməti bütün dinlərə hörmətlə yanaşdığını ifadə edərək, azad edilmiş ərazilərdə müxtəlif dinlərə məxsus abidələri qoruyacağını bildirir. Bu fikirlər Azərbaycanın bütün millətlərə və dinlərə olan münasibətini açıqlayır”.