AzTV ilə 65 il birlikdə

Hazırda Azərbaycan televiziyasının proqramları bütün dünyaya yayımlanır. Azərbaycan televiziyasına Avropada, Şimali Amerikada, bütün Asiya ölkələrində də baxmaq mümkündür.
Sputnik

BAKI, 14 fevral - Sputnik. Bu gün Azərbaycan Televiziyasının yaranmasından 65 il ötür. 

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Televiziyası radiodan 30 il sonra – 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. Bakıda televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanılıb. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanıb. İlk veriliş günü ekranda gənc aktrisa Nəcibə Məlikova görünüb. Çıxışını “Göstərir Bakı!” kəlməsi ilə açan Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib.

1971-ci il noyabrın 7-dən Azərbaycan televiziyası rəngli yayıma başlayıb. 2003-cü ilin sonlarından milli televiziyamız yeganə elektron informasiya vasitəsi idi ki, dünya efirinə 24 saat yayımla çıxıb. Hazırda Azərbaycan televiziyasının proqramları bütün dünyaya yayımlanır. Azərbaycan televiziyasına Avropada, Şimali Amerikada, bütün Asiya ölkələrində də baxmaq mümkündür.

Bakı Teleqüllə Kompleksi bu gün ölkənin əsas yayım mərkəzi hesab olunur. 310 metr hündürlüyü olan və nadir konstruksiyaya malik bu kompleks vasitəsilə yerli və bir çox xarici ölkələrin televiziya proqramları yayımlanır.