BAKI, 13 fevral — Sputnik. Azərbaycanın su ehtiyatlarına elektron qaydada nəzarət həyata keçiriləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamədə əksini tapıb.
Əsasnaməyə əsasən, “Elektron su təsərrüfatı” informasiya sistemi Azərbaycan Respublikasının illik su təsərrüfatı balansının elektronlaşdırılmasını, ölkənin əsas su və su təsərrüfatı obyektlərində su ehtiyatlarının qiymətləndirilməsinə, subartezian və artezian quyularının istismarına elektron qaydada, o cümlədən real vaxt rejimində nəzarətin həyata keçirilməsini təmin edəcək.
Qeyd edək ki, ESTİS üzərində sahiblik və istifadə hüququnun həyata keçirilməsi, habelə sistemin aparılmasının təmin edilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə olunub.