CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəxsiyyət vəsiqələrinin surətləriylə 120 minlik cinayət işlədilər

Rəislə mühasib əlbir olub iş üçün müraciət edən adamların şəxsiyyət vəsiqələrinin surətlərindən istifadə edərək 120 min manatdan çox vəsait əldə ediblər
Sputnik

BAKI, 12 fevral — Sputnik. “Naftalan şəhər Kommunal Təsərrüfatı” İstehsalat Birliyinin vəzifəli şəxsləri barəsində olan cinayət işi məhkəməyə göndərilib. Bu barədə Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, Naftalan şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olan material əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bakıda rəisi həbs etdilər

Aparılan istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan Birliyin baş mühasibi vəzifəsində işləmiş Mamedov Zəfər Əli oğlunun həmin qurumun rəisi olan Həsənov Rüfət Səfail oğlu və digərləri ilə qabaqcadan əlbir olaraq 2016-2018-ci illər ərzində Birliyə işə qəbul edilmək üçün müraciət edən vətəndaşların şəxsiyyət vəsiqələrinin surətlərini əldə edib. O həmin şəxslərin guya uzun müddət ərzində müəssisədə işləmələri görüntüsünü yaratmaq məqsədilə saxta əmək müqavilələrini tərtib edərək müvafiq rəsmi sənədləri Naftalan şəhəri üzrə Maliyyə İdarəsinə göndərib ümumilikdə 87 şəxsin adına olan plastik kartlara köçürülmüş cəmi 121 min 520 manat məbləğdə pul vəsaitini müxtəlif bankomatlardan məxaric etməklə mənimsəmələrinə, eləcə də cinayətkar niyyəti həyata keçirmək üçün tərtib olunmuş rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığına yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında  Zəfər Mamedov və Rüfət Həsənova müvafiq olaraq Cinayət Məcəlləsinin 179.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə və y israf etmə), 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 179.3.2 (külli miqdarda mənimsəmə və ya  israf etmə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə vurulmuş 121 min 520 manat maddi ziyanın 31 min 500  manat hissəsinin ödənilməsi təmin edilib, xüsusi müsadirəni təmin etmək məqsədilə məhkəmənin qərarı əsasında Zəfər Mamedova məxsus 34 min manat dəyərində qiymətləndirilmiş mənzilin üzərinə həbs qoyulub.