CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda ən çox hansı cinayətlər törədilir? - Günün xronikası

Ötən gün paytaxtın və Sumqayıt şəhərinin polis əməkdaşlarının işi çox olub: Qaradağ, Lökbatan, Səbail, Nərimanov, Nəsimi rayonlarında bir neçə cinayət isti izlərlə açılıb
Sputnik

BAKI, 12 fevral — Sputnik. Daxili İşlər Nazirliyi günün cinayət xronikasını açıqlayıb. Sputnik Azərbaycan DİN-ə istinadən bu məlumatları təqdim edir:

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət edən Abşeron rayon sakini Ş.Həşimli yanvarın 9-da saat 23 radələrində Lökbatan qəsəbəsi ərazisində “VAZ-2104” markalı avtomobillə onun idarə etdiyi “Opel” markalı avtomobilin qarşısının kəsildiyini, bıçaqla hədələnərək 477 manat pulunun alındığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Lökbatan qəsəbə sakini N.Quliyev müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin götürülüb. Faktla bağlı araşdırma aparılır.

Şəxsiyyət vəsiqələrinin surətləriylə 120 minlik cinayət işlədilər

Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də saat 13 radələrində rayon ərazisindəki parkların birində Bakı şəhər sakini L.Cəfərovanın içərisində 800 manat, 400 ABŞ dolları və sənədi olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini S.Ramazanlı saxlanılıb.

Oğurluq etdiklərinə görə tutulan Ə.Abbasovun və Ə.Abbasovun ətraflarında Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların yanvarın 5-dən fevralın 7-dək olan müddətdə rayon ərazisindəki ticarət mərkəzlərinin birindəki 4 anbardan ümumilikdə 27.000 manat dəyərində geyim əşyaları oğurlamaları da müəyyən edilib.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş T.Məcidov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 3 kiloqram 835 qram heroin aşkar edilərək götürülüb.

Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il noyabrın 5-də rayon ərazisindəki evlərin birindən 14.800 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən həmin evdə xadimə işləyən Bakı şəhər sakini X.Həsənova saxlanılıb.

Sumqayıt şəhər polis idarəsinin 1-ci Polis Bölməsinə müraciət edən şəhər sakini R.Rəsulov fevralın 10-da saat 21 radələrində 18-ci mikrorayon ərazisində bir nəfərin ona küt alətlə xəsarət yetirib mobil telefonunu aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Aslanov saxlanılıb.