CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azadlıqla vidalaşmaq üçün səbəblər artdı: Əlli il əvvəlin sənədi dəyişib

Son zamanlar narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında bir neçə konvensiyaya dəyişiklik edilib
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 12 fevral — Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları"nda dəyişiklik edilməsi məsələsinə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə layihəyə şərh verib.

O məlumat verib ki, son zamanlar "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" 1988-ci il Beynəlxalq Konvensiyası, Birləşmiş Millətlər Təşkilatının "Narkotik vasitələr haqqında" 1961-ci il Vahid Konvensiyası və "Psixotrop vasitələr haqqında" 1971-ci il Konvensiyası ilə dövriyyəsi qadağan edilmiş və məhdudlaşdırılmış narkotik vasitə və psixotrop maddələrin siyahılarına yeni növ narkotik vasitə və psixotrop maddələr əlavə edilib: "Lakin Azərbaycanın müvafiq qanunlarında bu dəyişikliklər əksini tapmayıb. Qanun layihəsinə əsasən, yeni növ narkotik vasitələr və psixotrop maddələr qeyd edilən qanunlara və müvafiq siyahılara daxil edilir. Bununla da həmin maddələrin dövriyyəsi qanunsuz hesab ediləcək və cinayət məsuliyyətinə səbəb olacaq".

Qeyd edək ki, "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları"nda dəyişiklik də mahiyyətcə bir-birilə bağlıdır.

Hər iki məsələ ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.