CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Humanist sənəd: Çağırışçılara möhlət veriləcək, amma...

Milli Məclisdə "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişikliyə baxılıb. Millət vəkilləri çağırışçılara qəbul imytahanlarıyla bağlı möhlət hüququnun verilməsini də müzakirə ediblər
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 12 fevral — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişikliyə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov layihəni şərh edib.

Ziyafət Əsgərov bildirib ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü ilə parlamentə daxil olan bu layihə çox humanist sənəddir: "Qanuna 21.1.4-1-ci maddə əlavə edilməklə “doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara - 3 ay müddətinə” birdəfəlik möhlət hüququ verilir.

O qeyd edib ki, bu dəyişiklik qəbul olunduqdan sonra Nazirlər Kabineti tərəfindən doktoranturaya illik qəbul və dissertantların təhkimolunma planları hər il aprelin 1-dək təsdiq olunacağı təqdirdə doktoranturaya qəbul imtahanları hər ilin iyun və sentyabr ayları ərzində (3 imtahan verilir, biri iyun ayında, ikisi sentyabr ayında) keçiriləcək: "Qanunun 21.1.4-cü maddəsinə əsasən, imtahanı müvəffəqiyyətlə verən çağırışçıya təhsilini doktoranturada davam etdirmək üçün möhlət hüququ veriləcək".

Dəyişiklik səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.