CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bitki yağlarının qiyməti qalxdı, köhnə dərdimiz tərpəndi: hər il iki yüz min...

Azərbaycanda suyun qiyməti artdı. İlk baxışdan bu, Rusiyada istehsal olunan məhsulun qiymətinə təsir göstərə bilməz. Amma Rusiyada istehsal olunan məhsul Azərbaycana idxal edilirsə, suyun qiymətində artım ölkəyə gətirilən məhsulun qiymətinə təsir edəcək
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 12 fevral — Sputnik. Azərbaycanda duru yağların qiyməti bahalaşıb. Bu artım sosial platformada da ciddi müzakirə mövzusuna çevrilib. Sosial şəbəkələrdə 2 litrlik qarğıdalı yağlarının qiymətinin bahalaşaraq 6 manat 45 qəpikdən 9 manat 45 qəpiyə qalxdığı bildirilir. Duru yağların qiymətində birdən-birə 3 manat, yəni 47 faiz qiymət artımının baş verməsi istehlakçıların ciddi narazılığına səbəb olub.

Sputnik Azərbaycan bitki yağlarının qiymətində bahalaşmanın səbəblərini araşdırıb.

Bitki yağlarının qiyməti qalxdı, köhnə dərdimiz tərpəndi: hər il iki yüz min...

İri supermarketlərdə apardığımız araşdırma zamanı da qiymət artımının olduğu öz təsdiqini tapdı. Belə ki, satışda qarğıdalı yağlarının qiyməti 9 manatdan aşağı deyil. İstər yerli, istər də xarici ölkələrin istehsalı olan duru qarğıdalı yağlarının 1 litrinin qiyməti 5 manatdan başlayır. Türkiyə istehsalı olan duru yağların qiyməti isə yerli istehsalla müqayisədə daha bahadır. Bir litrlik Türkiyə istehsalı olan "Komili yerel lezzetler" qarğıdalı yağının qiyməti 7 manat 10 qəpikdir. İki litrlik "Sunar" qarğıdalı yağının qiyməti isə 11 manat 66 qəpiyə təklif olunur. Ölkədə istehsal olunan iki litrlik "Final" qarğıdalı yağı 9 manat 76 qəpik, kərə ləzzətli "Möcüzə" qarğıdalı yağının qiyməti isə 10 manat 32 qəpikdir. Ölkəmizə xaricdən idxal edilən "Zolotoe Solnışko" ikilitrlik qarğıdalı yağı 9 manat 45 qəpikdir. Günəbaxan yağlarının qiyməti isə qarğıdalı yağları ilə müqayisədə nisbətən ucuzdur. "Zolotoe Solnışko" ikilitrlik günəbaxan yağı satışda 6 manat 76 qəpiyə satılır. Bu həcmdə "Möcüzə" günəbaxan yağlarının qiyməti 4 manat 22 qəpikdir. İki litrlik "Final" günəbaxan yağları 7 manat 19 qəpiyə təklif olunur. Ölkədə istehsal olunan zeytun yağlarının qiymətində isə artım müşahidə olunmur. 1 litrlik "Zeytun bağları" zeytun yağının qiyməti 10 manat 82 qəpikdir. Türkiyə istehsalı olan zeytun yağları isə daha bahadır. Türkiyədə istehsal olunan "Kırlangıc" zeytun yağı satışda 20 manat 79 qəpikdir. "Komili" zeytun yağı isə 16 manat 29 qəpiyə təklif olunur.

Qarğıdalı və günəbaxan yağlarının istehsalı və idxalı ilə məşğul olan şirkətlərdən bildirildi ki, duru yağların qiymətində baş verən artım dünyada xammalın qiymətindəki bahalaşma ilə əlaqədardır.

Qeyd edək ki, qarğıdalı və günəbaxan yağlarının qiymətində bahalaşma qonşu Türkiyədə də müşahidə olunur. Ötən ilin dekabr ayından başlayaraq Türkiyədə 5 litr günəbaxan yağı 85 lirəyə qalxıb. Buna səbəb kimi, yerli istehsalın tələbatı ödəməməsi göstərilir. Məlumata görə, bahalaşmaya səbəb xaricdən gələn xammalın xarici valyutada qiymətinin artmasıdır. Belə ki, Türkiyədə ötən il 2.25 lirə civarında alınan xammalın qiyməti 4 lirədən artıq olub. Türkiyədə iqtisadçılar bildiriblər ki, sənayeçilər xammalı xaricdən almağa davam edərlərsə, qiymət daha da bahalaşacaq. Odur ki, çıxış yolu dövlətin bu qida məhsuluna qoyduğu vergini azaltmaqla xaricdən satın alınan xammalın maya dəyərini aşağı salmaq və bununla tələb və təklif arasındakı uçurumu aradan qaldırmaqdır.

Bitki yağlarının qiyməti qalxdı, köhnə dərdimiz tərpəndi: hər il iki yüz min...

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə Azərbaycanda dən üçün qarğıdalının əkin sahəsi 33.7 min hektar olub. 2020-ci ildə dən üçün qarğıdalının əkin sahəsi 2015-ci ilə nisbətən 8.7% azalıb, 2019-cu ilə nisbətən isə 2.7% artıb. 2020-ci ildə dən üçün qarğıdalı istehsalı 2015-ci ilə nisbətən 50.4%, 2019-cu ilə nisbətən isə 13.5% artaraq 321.9 min ton olub. 2019-cu ildə dən üçün qarğıdalı istehsalının 15.6%-i Balakəndə, 12.7%-i Tovuzda, 7.2%-i Zaqatalada, 5.9%-i Ağcabədidə, 5.7%-i Qaxda, 5.4%-i Şəmkirdə, 4.7%-i Samuxda, 4.3%-i Biləsuvarda, 4.2%-i Sabirabadda, 3.5%-i Saatlıda olmaqla, ümumilikdə 69.2%-i 10 rayonun payına düşüb. Dən üçün qarğıdalının məhsuldarlığı 2020-ci ildə 63.6 sent/ha olub. Məhsuldarlıq səviyyəsi 2015-ci ilə nisbətən 7.4%, 2019-cu ilə nisbətən isə 6.9% artıb. 2019-cu ildə silos və yaşıl yem üçün qarğıdalının əkin sahəsi 2.2 min hektar, istehsalı 162.4 min ton, məhsuldarlığı isə 162.4 sent/ha olub. 2020-ci ildə ölkəyə idxal edilən qarğıdalı 2015-ci ilə nisbətən 3.7 dəfə, 2019-cu ilə nisbətən isə 1.5 dəfə azalaraq 48.6 min ton olub. 2020-ci ildə ölkəyə idxal olunan qarğıdalının 94.4%-i Rusiyanın payına düşüb.

2020-ci ilin məlumatlarına əsasən, Azərbaycanda dən üçün günəbaxanın əkin sahəsi 11.0 min hektar olub. 2020-ci ildə dən üçün günəbaxanın əkin sahəsi 2015-ci ilə nisbətən 3.0% artıb, 2019-cu ilə nisbətən isə 33.5% azalıb. 2020-ci ildə dən üçün günəbaxan istehsalı 2015-ci ilə nisbətən 34.7% artıb, 2019-cu ilə nisbətən isə 28.7% azalaraq 24.8 min ton olub. 2019-cu ildə cəmi günəbaxan istehsalının 21.6%-i Samuxda, 20.1%-i Goranboyda, 18.9%-i Tərtərdə, 8.7%-i Ağstafada, 7.4%-i Yevlaxda olmaqla, ümumilikdə 76.8%-i beş rayonun payına düşüb. 2020-ci ildə dən üçün günəbaxanın məhsuldarlığı 22.4 sent/ha olub. Məhsuldarlıq səviyyəsi 2015-ci ilə nisbətən 26.6%, 2019-cu ilə nisbətən isə 3.7% artıb. 2020-ci ildə ölkəyə 9.8 min ton günəbaxan dəni idxal edilib. 2020-ci ildə Azərbaycana idxal edilən günəbaxan dəninin 79.9%-i Rusiyanın, 13.5%-i Türkiyənin payına düşüb.

Bitki yağlarının qiyməti qalxdı, köhnə dərdimiz tərpəndi: hər il iki yüz min...

Statistik rəqəmlərdən də görünür ki, Azərbaycan qarğıdalı və günəbaxan bitkiləri ilə bağlı hələ idxaldan asılıdır. Bununla belə, ölkəmizdə son illər qarğıdalı və günəbaxan dəninin istehsalı əvvəlki illərlə müqayisədə artıb. Kənd təsərrüfatı ekspertləri də bitki yağlarında idxaldan asılılığı azaltmaq üçün ölkədə qarğıdalı, soya və günəbaxan istehsalının stimullaşdırılmalı olduğunu söyləyirlər.

Aqrar İslahatlara Dəstək İctimai Birliyinin rəhbəri Vahid Məhərrəmli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanın bitki yağına olan illik tələbatı 158-160 min ton arasındadır. Amma hər il iki yüz milyon manat vəsait əcnəbi fermerlərin cibinə gedir: "Bu qədər vəsaiti bizim fermerlər əldə edə bilmirlər. Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə araşdırma aparmalıdır ki, niyə Azərbaycanda fermerlər qarğıdalı və günəbaxan əkməyə maraqlı deyillər. Bu sahə stimullaşdırılmalı, fermerlərdə qarğıdalı və günəbaxan istehsalına maraq yaradılmaldır. Bu gün fermerlərin istehsal etdiyi pomidor əllərində qalıb. Fermerlər təşviq edilməlidir ki, satılmayan məhsulların əvəzinə idxaldan asılı olduğumuz məhsulları əksinlər. Kənd Təsərrüfatı Nazirliyi bununla bağlı araşdırma aparmalıdır".

V.Məhərrəmli deyir ki, Azərbayacanda qarğıdalı, günəbaxan və digər bitki yağı istehsal etmək üçün xammala olan tələbatın yerli istehsal hesabına ödənilməsi mümkündür: "Bu bitkilərin məhduldarlığı üçün ölkəmizdə əlverişli şərait var. Bizim torpaqlarımız münbitdir. Su və əmək resurslarımız da var. Deməli, bu qədər əmək, su və torpaq resursu ilə ölkədə tələbatı ödəyəcək qədər qarğıdalı, günəbaxan istehsal edilə bilər. Bu, Azərbaycanın sözügedən məhsullara idxaldan asılılığının azalmasına gətirib çıxardacaq".

Bitki yağlarının qiyməti qalxdı, köhnə dərdimiz tərpəndi: hər il iki yüz min...

V.Məhərrəmli bildirir ki, Azərbaycan özünün bitki yağına olan tələbatını 100 faiz idxal hesabına qarşılayır: "Ölkəmiz həm hazır məhsul idxal edir, həmçinin də xammal alır. Azərbaycan bu gün hazır bitki yağı ixrac etsə də, bu çox az həcmdədir. Biz 100 faiz bu məsələdə idxaldan asılıyıq. Bu halda da xaricdə xammalın qiymət artımı Azərbaycanda duru yağların qiymətinə avtomatik təsir edir. Amma mən hesab edirəm ki, bu gün duru yağların qiymətində baş verən artım təkcə xarici ölkələrdə xammalın bahalaşmasından asılı deyil. Logistika xərclərinin artması da burada rol oynayır.

Yanacağın qiymətinin artması mal-məhsulun qiymətində istər-istəməz bahalaşmaya səbəb olur. Bu da nəticədə öz təsirini satışda göstərir. Bu gün Rusiya alıcısı məhsulu Azərbaycandakı istehlakçılara nisbətən 40 faiz ucuz alır. Buna da səbəb daşınma xərcləri ilə yanaşı, rüsumun ödənilməməsidir. Bizim araşdırmalar göstərir ki, əksər ölkələrlə müqayisədə Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiyməti bahadır. Bu, 20-50 faiz civarındadır.

Azərbaycanda suyun qiyməti bu günlərdə bahalaşdı. İlk baxışdan suyun qiymətinin bahalaşması Rusiyada istehsal olunan məhsulun qiymətinə təsir göstərə bilməz. Amma Rusiyada istehsal olunan məhsul Azərbaycana idxal edilirsə, suyun qiymətində artım ölkəyə gətirilən məhsulun qiymətinə təsir edəcək. Çünki o məhsulu Azərbaycana gətirən şəxsin, sahibkarların kommunal xərci artır. Bu isə ölkəyə idxal olunan məhsulların qiymətindən yan keçə bilməz. Bu gün İranda bitki yağının qiyməti çox ucuzdur. Buna səbəb İranda məhsul istehsalının ucuz başa gəlməsidir. İranda dizelin bir litrinin qiyməti iki qəpikdir. Orada təkcə yanacaq deyil, digər istehsal vasitələri də ucuz başa gəlir. Bu məsələlər bir-birinə bağlıdır. Ona görə də Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi hökumətə təklif verməlidir ki, kənd təsərrüfatı məhsullarını bahalaşdıran strateji məhsulların qiyməti artmasın.

Bitki yağlarının qiyməti qalxdı, köhnə dərdimiz tərpəndi: hər il iki yüz min...

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin Analitika Departamentinin müdiri Səadət Hacıyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qarğıdalı, günəbaxan, soyanın əkin sahələrinin artırılmasının stimullaşdırılması istiqamətində işlər görülür. Onun sözlərinə görə, soya, qarğıdalı və günəbaxanın əsas və təkrar əkinlərinin stimullaşdırılması üçün subsidiya verilir: "Soyanın əsas əkinlərinə hektara 260 manat, təkrar soya əkinlərinə 60 manat, qarğıdalının əsas əkinlərinə 160, təkrar əkinlərinə 60 manat, günəbaxanın əsas əkinlərinə 200, təkrar əkininə 60 manat nəzərdə tutulur. Son illər qarğıdalı və günəbaxanın əsas və təkrar əkin sahələri artıb. 41 min hektar sahədə təkrar qarğıdalı əkini aparılıb. Qarğıdalı əkin sahəsi artaraq ötən il 33,7 min hektarda əsas əkin həyata keçirilib. Qarğıdalı istehsalı 321,9 min tona çatıb. Günəbaxan istehsalında da son üç ildə artım müşahidə olunur. Ötən il qarğıdalının məhsuldarlığı 63,6 sentner/hektara, günəbaxan 22,4 sentner/ha-ya çatıb. Soya əkini isə iqlim nəzərə alınmaqla az həyata keçirilir. Ona görə də soyanın da əkininə subsidiya ayrılır. Ötən il 2300 hektara soya əkini üçün subsidiya verilib. Nazirlik stimullaşdırma tədbirləri görür ki, fermerlər soya, qarğıdalı və günəbaxan əkininə maraq göstərsinlər".

Qeyd edək ki, Dövlət Statistika Komitəsi yanvarda bahalaşan ərzaq mallarının adını açıqlayıb. Burada zeytun, günəbaxan və qarğıdalı yağlarının da adı var.