BAKI, 12 fevral - Sputnik. “Brent” markalı neftin qiyməti 24 yanvar 2020-ci ildən bəri ilk dəfə bir barel üçün 62 ABŞ dollarını ötüb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, ticarət sövdələşmələrinin nəticələrinə görə, Moskva vaxtı ilə saat 19:42-yə (Bakı vaxtı ilə saat 20:42) olan məlumata görə, Şimal dənizindən hasil olunan “Brent” neft qarışığının aprel fyuçerslərinin qiyməti 1,85 % artaraq bir barel üçün 62,27 ABŞ dollarına çatıb. WTI markalı neftin mart fyuçersləri isə 1,75% dəyər qazanaraq 59,26 dollar/barelə yüksəlib.
Fevral ayının əvvəlindən etibarən neft qiymətləri 10 fevral, çərşənbə gününə qədər demək olar ki, fasiləsiz artıb. Cümə axşamı neft dəyərini itirməyə başlayıb, cümə günü azalma davam edib, lakin axşam saatlarında qiymətlər yenə də müsbətə doğru yüksəlib.
Analitiklərin fikrincə, nikbinlik bazardakı ümumi əhval-ruhiyyə ilə əlaqəli ola bilər. Bloomberg agentliyindən sitat gətirən ABN Amro-nun baş iqtisadçısı Hans van Cleef deyib:
"Fundamental təhlillərə əsaslanaraq, daha çox qiymət artımının lehinə dəlillər gətirmək çətindir, baxmayaraq ki, ümumiyyətlə maliyyə bazarlarında nikbinlik görürük".
Cari aydakı əsas artım faktorları OPEC + -in hərəkətləri və xammala olan tələbin artacağına ümidlərdir. Yanvar ayında bəzi OPEC + ölkələri fevral-mart aylarında hasilatı gündə ümumilikdə 1,425 milyon barel azaltmağı qəbul etdi, bunun 1 milyonu Səudiyyə Ərəbistanının payına düşür. Öz növbəsində, iqtisadiyyatın bərpası və peyvəndlə bağlı gözləntilər neft tələbi ilə bağlı proqnozları dəstəkləyib.