CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Telekanalların gözardı etdiyi adamlar: Onlar bayrağımızı zirvələrə qaldırıblar

Nazlı Əliyeva təəssüflə deyir ki, fiziki məhdudiyyətli şəxslərin efirə çıxarılması üçün onlardan pul tələb olunur: "Heç olmasa 10 bayağı ifaçıdan ödəniş alanda, 1-2 fiziki məhdudiyyətli şəxsi pulsuz üzə çıxara bilərlər".
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 11 fevral — Sputnik. Bir çox ölkələrdə, eyni zamanda da Türkiyədə telekanallar eşitmə və görmə məhdudiyyəti olan auditoriyanı qazanmaq, onlara qarşı diskriminasiyanı aradan qaldırmaq və bərabər hüquqluluğu təmin etmək üçün  yayımları bu qrupa uyğun təşkil edir. Türkiyədə serialların yayımı zamanı da elə yayımın üzərindən efirdə səslənənləri iri formada yazılı görmək olar.

Azərbaycanda isə bu istiqamətdə hər hansı addım atılmır. Bu təbəqə üçün onlara əlçatan formada yayımın olmaması həmin şəxsləri informasiya blokadasına salır. Elə eşitmə və görmə məhdudiyyəti olan şəxsləri ən çox narahat edən problemlərindən biri də budur. 20 ildən artıqdır ki, Respublika Gözdən Əlillər Kitabxanasında kitabxanaçı olaraq çalışan, 1978-ci il təvəllüdlü, görmə məhdudiyyətli Nazlı Əliyeva da deyir ki, eşitmə-görmə məhdudiyyəti olan şəxslərin telekanallardan hansısa məlumatı əldə etməsində problemlər var:

"Telekanallarda danışığı hərəkətə çevirən surdo-tərcüməçi olmalıdır ki, eşitmə və danışma məhdudiyyəti olanlar bu informasiyanı birbaşa ala bilsinlər. Görmə məhdudiyyəti olan şəxslər üçün tiflo tərcümə var, burada danışığın olmadığı, sadəcə hərəkətin olduğu bir zamanda həmin hərəkət gedən hissəni səslə izah etmək olar ki, görmə məhdudiyyəti olan şəxs yayımı anlaya bilsin".

Həmsöhbətimiz bu cür istedadlı gənclərin efirə çıxarılmasında da maneələrin olduğunu deyir: "Kifayət qədər belə insanlar, uşaqlar, yeniyetmələr və gənclər var ki, onların xüsusi tanıtıma ehtiyacları var. Bu gün kifayət qədər telekanal və radio var. Onlarda hər gün təkrarçılığı, bayağılığı, eyni simaları görə bilərik. Düşünürəm ki, ali və orta ixtisas musiqi təhsili və incəsənətdən xəbəri olmayan, səsi qulağa yatmayan, bayağı ifalar edənlərdənsə, bu gənclərin, uşaqların efirlərə çıxarılmasına ehtiyac var".

Nazlı xanım təəssüflə deyir ki, fiziki məhdudiyyətli şəxslərin efirə çıxarılması üçün onlardan pul tələb olunur: "Heç olmasa 10 bayağı ifaçıdan ödəniş alanda, 1-2 fiziki məhdudiyyətli şəxsi pulsuz üzə çıxara bilərlər".

"Orta və ali təhsil alan bu şəxslərə imkan yaradılsa, onlar gələcəkdə öz ayaqları üstdə dura bilərlər. Fiziki məhdudiyyətli şəxslərin dilindən bir fiziki məhdudiyyəti olan şəxs kimi təklif edirəm ki, telekanallar belə şəxsləri dəvət edib onların istedadlarını üzə çıxartsın. Belə şəxslər onlarla festivalda ölkəmizin bayrağını zirvələrə qaldırıb, qran-pri alıblar. Lakin onları Azərbaycanda anmırlar, efirlərə çıxartmırlar", - deyə həmsöhbətimiz əlavə edir.

Media üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli də telekanalların bu sahədə mövcud problemlərindən danışır. O deyib ki, telekanallar üzərinə aydın şəkildə öhdəlik olaraq qoyulmayıb ki, onlar hansısa formada bütün yayımları görmə, eşitmə məhdudiyyəti olan şəxslərə uyğunlaşdırmalıdır:

"Azərbaycanda rəsmi statistikaya görə, yarım milyon əlil var. Düşünürəm ki, bunun üçün infrastruktur da yoxdur. Çünki telekanalların maddi gəlirləri buna imkan vermir. Lakin qanunvericilikdə bu auditoriyaya xitab edilən verilişlərin verilməsi nəzərdə tutulub. Bundan başqa, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə də əsasən bərabərlik prinsipini əsas götürərək telekanallar bu şəxslər üçün də əlçatan olmalıdır. Bu səbəbdən şəxs diskriminasiyaya məruz qalmamalı, onun üçün telekanallardakı yayımlar əlçatan olmalıdır".

"Bununla bağlı MTRŞ bir öhdəlik qoya bilər. Lakin bir problem var, artıq 1 il öncə məhkəmə qərarı ilə müflis elan olunan "Lider" TV hələ də fəaliyyətini davam etdirir. Bir tərəfdən müflis olduğu deyilən, digər tərəfdən də yayımını  davam etdirən "Lider" TV üçün belə bir addım atmaq real görünmür. Bir sözlə, özəl telekanallar inkişaf elətdirilməyib və onların maliyyə müstəqilliyi baxımından ciddi problemləri var və bu kanallardan tələb olunmur ki, hansısa sosial qrupa xitab etsinlər. Onlardan fərqli olaraq dövlət telekanalları belə bir addım ata bilərlər", - deyə Ə.Məmmədli əlavə edir.

Bu sahədəki problemlərin aradan qaldırılması üçün beynəlxalq praktikaya nəzər yetirilməsinin vacibliyini vurğulayan ekspert deyir ki, CNN-də yazılar ekranda həm də böyük şriftlərlə yayımın üzərində təqdim olunur. Yazı görüntünü əngəlləmədən bu formatda təqdim oluna bilər".

Media üzrə ekspert bildirir ki, bundan başqa, məcburi tələb qoyula bilər ki, bütün səslər həm də yazı formatında getsin: "İşarət dili bilənlər üçün xəbərlər, informasiya proqramları da hazırlamaq olar və bununla bağlı öhdəlik qoyula bilər. Telekanallar təbliğatda deyil, informasiyanı çatdırmaqda, maariflənmədə rol oynamalıdırlar".

Hər şey təhsildən başlayır, elə bu şəxslərlə işləyəcək kadrların yetişdirilməsində, elə surdo tərcüməçi kimi yayıma çıxarılmasında da təhsilin mühüm rolu var. Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bu şəxslərlə işləyə biləcək kadrların çatışmazlığından, eyni zamanda da efir üçün surdo çatışmazlığı problemindən danışıb:

"2013-cü ildə qəbul olunan "Təhsilin inkişafı üzrə dövlət strategiyasında" təhsilin bütün sosial kateqoriyalar üzrə əlçatan olması konkret olaraq göstərilib. Lakin etiraf edək ki, bu gün bizdə yalnız ali təhsil müəssisələrində loqoped ixtisası üzrə kadrlar hazırlanır. Ölkədə görmə məhdudiyyətli şəxslər üçün 7-dən çox təhsil müəssisəsi var, lakin onlara kadr verə biləcək mütəxəssislər yoxdur. Yalnız o sahədə təcrübəli olanlaırn özləri müəyyən şəxsləri yetişdirir və həmin şəxslər bu təhsil müəssisələrində çalışırlar. Onlar ümumitəyinatlı təhsil müəssisələrinin məzunlarıdır. Bu gün 5 nömrəli internat məktəbinə baxanda görürük ki, onlar daha çox bu sahə üzrə mütəxəssis deyillər". 

"Görmə məhdudiyyətli şəxslər üçün məsafənin müəyyən edilməsi üzrə Azərbaycanda müəllim yoxdur. İnternat məktəblərində sadəcə olaraq tədris olunan fənlərin spesifikası tamamailə fərqlidir. Onlar üçün səsli, brayl əlifbası ilə yazılmış dərsliklər demək olar ki, yox həddindədir", - deyə ekspert əlavə edib.

Ekspert bu şəxslərin yüksək biliklərə sahib olmasından danışır: "5 il görmə qüsurlu şəxslərə dərs keçmişəm, bu abituriyentlər arasında 580, 540 balla universitetə qəbul olanlar da olub. Onlar üçün dərsləri diktafona yazıb ötürürdüm. Sualları da o şəkildə oxuyurdum. Bu gün ali məktəblərə qəbulda ümumi şəkildə imtahanlar keçirilir ki, bu da qəbul edilməzdir. Ümumiyyətlə görmə məhdudiyyətli şəxslərin təhsili ilə bağlı ciddi məhdudiyyətlər var".

"Universitetlərdə bu şəxslərlə işləyə biləcək kadrlar hazırlanmalıdır. Türkiyəyə nəzər yetirin, orada bir neçə universitet konkret olaraq fiziki məhdudiyyətli şəxslərin təhsili, reabilitasiyası ilə bağlı kadrlar yetişdirməkdədir. Bizdə isə yalnız görmə məhdudiyyətli şəxslər üçün masajçı yeri üçün 8 plan yeri var. Bu plan yeri də 2 saylı Tibb Kollecində ayrılıb. Digər təhsil ocaqlarında isə heç bu da yoxdur. Görmə məhdudiyyətli şəxslər üçün internat məktəblərində kadr potensialı yoxdur, onların tədris resursları yoxdur. Düşünürəm ki, bu sahədəki poroblemləri aradan qaldırmaq üçün qardaş Türkiyə və digər ölkələrin təcrübələrindən isitifadə etmək lazımdır. Bu şəxslər üçün yeni baxış olmalıdır, dərslikləri də yeni formatda yazılmalıdır", - deyə həmsöhbətimiz əlavə edib.   

"Televiziya və radio yayımı haqqında" qanunvericiliyə görə, müvafiq dövlət orqanı məqsədli dövlət proqramlarına uyğun olaraq uşaqlar və gənclər, karlar və eşitmə qabiliyyəti zəif olanlar üçün proqramların, informasiya, tədris, maarifləndirici və s. proqramların siyahısını hazırlayıb bu Qanunla müəyyənləşdirilmiş qaydada sifarişlər verir.

Qeyd edək ki, ölkədə fiziki məhdudiyyətli şəxslərin sayı ilə bağlı Dövlət Statistika Komitəsindən ümumilikdə bütün yaşlar üzrə statistika əldə edə bilmədik. Komitə onlarda yalnız 18 yaşadək olan belə şəxslərin statistikasının olduğunu bildirdi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə rəqəmlərlə bağlı sorğumuza cavab olaraq bildirildi ki, eşitmə məhdudiyyəti ilə əlaqədar 2017-2021-ci illərdə 18 yaşdan yuxarı olan 1324 nəfərə əlillik, 2261 nəfər uşağa isə sağlamlıq imkanlarının məhdudluğu təyinatı aparılıb.

O cümlədən, 2020-ci il üzrə bu səbəbdən 18 yaşdan yuxarı 223 şəxsə əlillik, 318 uşağa sağlamlıq imkanlarının məhdudluğu təyinatı aparılıb.

Qeyd edək ki. bunadək ölkəmizdə bir neçə filmin - "Dolu", "Bir qalanın sirri"nin surdo-tərcümə formasında təqdimatı olub.

Ümumilikdə isə ölkəmizdə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların ümumi say 600 mindən çoxdur.