BAKI, 11 fevral — Sputnik. Ermənistanın paytaxtı Yerevanda İkinci Qarabağ müharibəsi zamanı itkin düşən hərbçilərin valideynləri və yaxınları etiraz aksiyası keçiriblər. Sputnik Ermənistan xəbər verir ki, onlar itkin düşən hərbçilərin tapılmasını tələb ediblər.
Aksiyada Ermənistanın Eçmiadzin (Üç kilsə) rayonunda dislokasiya olunan kimyəvi hücumdan müdafiə bölməsinin 40 hərbçisinin yaxınları iştirak ediblər. Onlar bildiriblər ki, Qarabağ müharibəsi zamanı yaxınları olan hərbçilər Zəngilana göndərilib və o vaxtdan onlardan bir xəbər yoxdur.
Qeyd olunur ki, bu dəfə aksiya iştirakçıları öz uşaqlarını da aksiyaya gətiriblər. Uşaqlar "Atamı qaytarın", "Atamı tələb edirəm", "Biz öz atamızı tələb edirik" şüarları yazılmış plakatları tutublar.