BAKI, 10 fevral — Sputnik, Aygül Tağıyeva. Tezliklə Azərbaycana gətiriləcək Türkiyə istehsalı olan Mexaniki Minatəmizləmə Maşınları (MEMATT) ümumi xarakteristikası, ehtiyat hissələrinin dəyişdirilməsi sürəti və daşınması baxımından dünyada mövcud olan digər bu tip cihazlardan daha irəlidədir. Bu barədə Sputnik Azərbaycan-a müsahibəsində "Defence Turk" saytının redaktoru Salih Kivrak məlumat verib.
Kıvrak bildirib ki, sözügedən avadanlıq Türkiyənin hərbi sənayesi üzrə dövlət təşkilatı ASFAT-la özəl sektorun əməkdaşlığı sayəsində yaradılıb.
"Bütün prosesə – MEMATT tərəfindən layihələndirmədən tutmuş sertifikatlaşdırma və kütləvi istehsala qədər 14 ay lazım gəlib. Bu müddət başa çatandan sonra avadanlıq Türkiyə Silahlı Qüvvələrinin ixtiyarına verilib", – deyə ekspert bildirib.
MEMATT-in xüsusiyyətlərinə də toxunan Kıvrak orta sinfə aid bu texnikanın 12,5 ton ağırlığında olduğunu və pult vasitəsi ilə uzaqdan idarə edildiyini qeyd edib. Mina əleyhinə avadanlığın tırtılı torpağı 25 santimetr dərinliyə qədər partladaraq mərmiləri zərərsizləşdirə bilir. MEMATT piyada əleyhinə minaları zərərsizləşdirmək və əraziləri mövcud bitki örtüyündən təmizləmək qabiliyyətinə malikdir.
"Bu maşınları daşımaq da asandır, konteynerlər və ya hava yolu ilə daşımaq mümkündür. Modul konstruksiyası sayəsində MEMATT-dan müxtəlif layihələrdə yararlanmaq olar. Ballistik müdafiə dəsti quraşdırılmaqla isə daha da gücləndirilərək istənilən ərazidə istifadə oluna bilər", – deyə Kıvrak vurğulayıb.
Mina əleyhinə texnikanı 500 metr məsafədən idarə etmək mümkündür, bununla yanaşı, kameralar HD keyfiyyətində görüntü də qeydə ala bilir.
"Defence Turk"-ün redaktoru onu da bildirdi ki, MEMATT minatəmizləmə vasitələrinin ilk iki vahidi fevralın 4-də Türk Silahlı Qüvvələri tərəfindən Bakıya gətirilib, qalan avadanlıq isə 2021-ci il ərzində tədarük olunacaq.
Qeyd edək ki, sözügedən texnika çınqıllı, qumlu və palçıqlı ərazidə 8 saat fasiləsiz işləyə bilir. Mina təmizləyən avadanlıq bir saat ərzində 900 kvadratmetr ərazini təmizləməyə qadirdir. Aparılan testlər təmizləmə əməliyyatlarının effektivliyinin 90 faizə bərabər olduğunu göstərib.
Kıvrak onu da vurğuladı ki, trotil ekvivalentinə görə 8 kiloqram gücündə partlayışa məruz qalsa belə, avadanlığın mühərriki və tırtılı zədələnmir və göstərilən istiqamətdə normal işini davam etdirir.
"Ermənistan tərəfi Azərbaycan torpaqlarını işğal edərkən hətta mülki şəxslərin yaşadığı yerlərdə də geniş əraziləri minalayıb. Türk Silahlı Qüvvələrinin minaların aşkarlanması və təmizlənməsi üzrə qrupları – ÖMAT, METİ və PMKİ Azərbaycan ərazilərinin minalardan təmizlənməsi, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə təlimlərin keçilməsi üzərində çalışır. Belə hesab edirəm ki, MEMATT-dan ilk növbədə Ağdamda istifadə olunacaq", – deyə Kivrak bildirib.
Avadanlıqların qiymətlərinə gəlincə, bu məlumatlar hələ ictimaiyyət üçün açıq deyil, amma nəzərə alınmalıdır ki, satınalma müqaviləsi həm də kadr hazırlığı, ehtiyat hissələri və digər xidmətlər üzrə xərcləri nəzərdə tutur.
Qeyd edək ki, yanvarın 30-da Ermənistan işğalından azad olunmuş Ağdam rayonunun ərazisində inşa edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyə müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak ediblər. Mərkəzin əsas məqsədi Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir.
Xatırladaq ki, 2020-ci il noyabrın 11-də Rusiya və Türkiyənin müdafiə nazirləri Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması barədə memorandum imzalamışdılar.
Onu da qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub. Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.