BAKI, 9 fevral — Sputnik. Böyük Britaniya bu ölkəyə gələn bütün şəxslər üçün qaydaları sərtləşdirir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Böyük Britaniyanın Səhiyyə naziri Mett Henkok bildirib.
"Xüsusi hotellərdə karantində qalmalı olan şəxslər də daxil olmaqla ölkəyə gələn bütün şəxslər səfərdən ən geci 72 saat əvvəl edilən testin nəticəsini təqdim etməlidirlər. İndi isə onlar karantinin ikinci və səkkizinci günləri PZR testləri verməli olacaqlar", - deyə Henkok qeyd edib.
Yeni sistem bazar ertəsi, fevralın 15-dən qüvvəyə minəcək. Britaniyada karantinin müddəti 10 gündür. İstəyənlər karantinin 5-ci günü test verə bilərlər. Əgər test neqativ çıxarsa, onlar özünütəcridi dayandıra bilərlər.