Rahim Muradov, Sputnik Azərbaycan
BAKI, 9 fevral — Sputnik. Hirkan Milli Parkının yaranması günü ilə əlaqədar fevralın 9-da milli parkda “açıq qapı” günü keçirilib. Bu səbəbdən milli parka gəlmək istəyən ziyarətçilər üçün pulsuz giriş təşkil edilib.
Hirkan Milli Parkının baş elmi işçisi Həbib Rəhimovun Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata əsasən, milli parka səfər edən zaman ziyarətçilər turist marşrutları boyunca Hirkan tipli meşələrin zəngin biomüxtəlifliyi ilə tanış olublar:
“Ziyarətçilər Xanbulan gölünə açılan unikal mənzərəni seyr ediblər. Hirkan Milli Parkı ətraf mühitin mühafizəsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə 9 fevral 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin 81 saylı sərəncamı ilə yaradılıb. Dünyada baş verən ekoloji böhranı nəzərə alaraq ölkə başçısı 2008-ci ildə Hirkan Milli Parkının ərazisinin 2 dəfə artırılaraq 40358 hektara çatdırılmasına dair sərəncam verib”.
Məlumat üçün bildirək ki, Hirkan Milli Parkı əvvəllər Hirkan Dövlət Təbiət Qoruğu kimi fəaliyyət göstərib. Hirkan Qoruğu isə 8 dekabr 1936-cı ildə Lənkəran Qoruğu adı ilə yaradılıb və 886 hektar ərazini əhatə edib.