QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənilər artıq Qarabağda hərbi xidmətə göndərilməyəcəklər

Sputnik Ermənistan-ın yaydığı məlumata görə, bundan sonra orduya çağırılanlar yalnız respublika daxilindəki hərbi hissələrdə xidmət göstərəcəklər
Sputnik

BAKI, 9 fevral — Sputnik. Bundan sonra Ermənistandan olan hərbi çağırışçılar Qarabağa göndərilməyəcəklər. Fevralın əvvəlindən bu ölkədə faktiki olaraq orduya qış çağırışı başlayıb. Sputnik Ermənistan-ın yaydığı məlumata görə, artıq orduya çağırılanlar yalnız respublika daxilindəki hərbi hissələrdə xidmət göstərəcəklər. Əldə olunan məlumata görə, ənənəvi püşkatma zamanı Qarabağın hərbi hissələri, ümumiyyətlə, siyahıya salınmayıb.

Qeyd edək ki, bir qədər əvvəl erməni mətbuatında və sosial şəbəkələrdə separatçı "Dağlıq Qarabağ Müdafiə Ordusunun" ləğvi ilə bağlı məlumatlar yer almışdı. Üzdəniraq "Qarabağ Təhlükəsizlik Şurası"nın katibi Vitali Balasanyan hakimiyyətin müqavilə əsasında peşəkar hərbi bölmələrin yaradılması məsələsi ilə məşğul olduğunu bildirmişdi. Özünü mövcud olmayan "Qarabağ respublikası"nın prezidenti hesab edən Araik Arutyunyan isə "Müdafiə Ordusu"nun ləğvi ilə bağlı yayılan xəbərləri təkzib edən açıqlama vermişdi.