CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkili: "Cəmiyyətdə cahilliyin üzünə tüpürəcək Kefli İsgəndərimiz də yoxdur"

"Cəmiyyətdə yenidən Axundov dirilişinə ehtiyac var ki, Molla İbrahim Xəlil kimyagərin başını əzib yenidən bir ziyalı nəsli yetişdirsin" - Fazil Mustafa.
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 9 fevral — Sputnik. Ötən gün Gürcüstanda 11 yaşlı azərbaycanlı qızın 15 yaşlı dayısı oğluna nişanlanması barədə məlumatların yayılması rezonansa səbəb olub. Məlumata görə, nişan mərasimi ötən həftə Poniçala (Soğanlıq) kəndində evdə keçirilib. Bənzər hadisələr ölkəmizdə də baş verir. Azərbaycanda erkən nikahın kökündə hansı problemlər dayanır, erkən nikah probleminin həlli istiqamətində nə kimi addımlar atılmalıdır?

Bu mövzu ilə əlaqədar millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a müsahibə verib:

Millət vəkili: "Cəmiyyətdə cahilliyin üzünə tüpürəcək Kefli İsgəndərimiz də yoxdur"

- Azərbaycanda erkən nikah erasının başa çatmamasının əsas səbəbləri nədən qaynaqlanır? Yəni nə vaxt bu kimi halların artmasına münbit şərait yarandı?

- Təbii ki, belə bir hadisə gürcü ailəsində yox, Azərbaycan ailəsində - dini cəhalətin tüğyan etdiyi bir yerdə baş verməli idi. Bu gün Azərbaycan iki hissədən ibarətdir: onlardan biri Qarabağı işğaldan azad edən, şəhidliyi gözümüzdə daha da uca mərtəbəyə çevirənlər, digəri isə alt qatda, xeyli cəhalət içində yatan insanlardır. Biz illərdir bu problemi ortadan qaldırmağa nəzarət yetirməmişik və boşluq buraxmışıq ki, istənilən təbliğatı apara bilsinlər. Məktəbləri inkişaf etməyə qoymamışıq ki, cahillik yayılsın. Bu da nəticədir. Bu kimi hadisələr təkcə Gürcüstanda yaşayan azərbaycanlılar arasında qeydə alınmır. Ölkəmizdə də çox sayda qızlar məktəbə getmirlər və bunun qarşısı alınmaz olub. Bu gün müxtəlif bölgələrdə qızlar 15-16 yaşlarında ərə gedirlər. 15 yaşda ana olan yüzlərlə azərbaycanlı var.

- Çıxış yolu nədir?

- Bu kimi acınacaqlı vəziyyətin durdurulması üçün tək yol cəmiyyəti ən azı 20-ci əsrin əvvəllərindəki səviyyədə maarifçiliyə yönləndirməkdir. Cəmiyyət özü çürüyüb. Fikir verin, Gürcüstanda azərbaycanlı ailəsində 11 yaşlı uşaq ərə verilir, çevrədə bir kefli İsgəndər Nazlının qolundan tutub, cəmiyyətin üzünə tüpürərək "bunu etmək olmaz", demir. Bu gün bizim cəmiyyətdə cahilliyin üzünə tüpürəcək Kefli İsgəndərimiz də yoxdur. Biz "Ölülər" dövründən daha faciəvi dövrdəyik. Necə ola bilər ki, bir nəfər çıxıb "bunu etmək olmaz", deməsin?! Bizim məktəbimiz, universitetimiz olsa da, maarifçilik yoxdur. Maarifçilik sadəcə olaraq Azərbaycan leksikasında bir söz olaraq qalır. Mahiyyətcə bu sözdən istifadə olunmur. Maarifçilik dedikdə küçə müğənnilərini, "bozbaş istehsalçıları"nı Azərbaycan cəmiyyətində ictimai fikir sahibinə çevirəndə, təbii ki, belə olacaq. Telekanallarda bu mövzuların özü müzakirə olunmalıdır. Azərbaycanda gənc, yetkinlik yaşlarına çatmayan yüzlərlə narkomaniyaya qurşanmış uşaqlar var və kimsə bunlarla məşğul olmur. Bəzi hallarda dövlət orqanları dini cəhaləti stimullaşdırmaqla məşğuldurlar.

- Gürcüstanda bu kimi "ənənə"lərin qalmasının səbəbləri nədir?

 - Bəzən Gürcüstan hakimiyyətinin özü bu kimi cəhalətin qalmasında maraqlı olur. Çünki cəhalət qaldıqca siyasi haqlar istənilmir, dövlətdən müəyyən tələblərin olmayacaq və sadəcə olaraq deyəcəksən ki, mənim cahil mifimə toxunma. Bu gün Gürcüstanın özündə də ziyalılarımızın sayı azalıb. Hamısını yığaraq Bakıya gətirmişik, onlar üçün orada şərait yaratmadıq. Azərbaycan müəllimlərini stimullaşdıraraq, müəyyən fondlar yaradaraq göndərilməsini təmin etmədik. Beləcə, orada məktəblərdən uzaq düşənlərin sayı artmağa başladı. Ən mütərəqqi bölgələrdən biri olan Borçalı indi cəhalətin ən çox yayıldığı bir yerdir. Borçalıda xarici ölkələrdən idarə olunan dini fanatizm, cəhalət baş alıb gedir. Biz bu kimi halların hamısını diqqətdən kənarda saxlayırıq. Nəticə də budur. Baş verən bu hadisə çox acınacaqlı, ibrətamiz hadisədir. Cəmiyyət problemi həll etmək üçün bu faktın üzərinə getməlidir. Bu problem həll olunmasa, siz görəcəksiniz ki, azacıq laqeydlik göstərilsə, Azərbaycanda da bu kimi hallar artacaq.

- Yəni, əsas problem təhsildən başlayır...

- Qızlar təhsil ala bilmədiyi üçün övladları da təhsilsiz yetişir. Bunun üçün öncə anaya təhsil verilməlidir. Lakin təhsilə pul qazanma yeri kimi baxılan ölkələrdə bu kimi hallar labüddür. Bizdə açılan məktəblərin əksəriyyəti mənəvi-ideoloji şəkildə insan yetişdirməyə deyil, pul qazanmağa xidmət etdi. Orta və ali təhsildə idealist müəllimlərin yoxluğu artıq özünü hiss etdirməyə başlayıb. Müəllimlərin maaşı aşağı olduğundan bu peşəyə sanballı, bilikli insanlar getmirlər. Halbuki, yüksək maaşı elə orta məktəb müəlliminə vermək lazımdır. Bəzən deyirlər ki, gəncləri elə, ya da belə tərbiyə etmək lazımdır. Axı bu şəxs gənc olanadək orta məktəbdə məhv olub gedir. Bu şəxs texnika da bilmir, radionu söküb-yığa, gəmi maketi hazırlaya bilmirsə, ondan nə gözləyirsiniz!? Kosmonavt olmağımı gözləyirsiniz?! Bu, mümkün deyil axı. Ona görə də bizim təhsil, mədəniyyət siyasətimiz tamamilə sökülüb yenidən yığılmalıdır. Bu sahələrdə ciddi islahatlar aparılmalıdır və Azərbaycandan kənarda Gürcüstanda, Dərbənddə yaşayan həmvətənlərimizi də əhatə etməlidir. Çünki sonda onların yenə də üz tutacağı məkan Azərbaycandır. Onların savadlı, təhsilli biri kimi qayıtması isə bizim qazancımızdır. Biz mübarizə aparmalıyıq, erməni ilə rəqabətdə olduğumuz, bu boyda uğur qazandığımız bir zamanda cəmiyyətin alt qatının faciəsini yaşaya bilərik və bunu düzəldə bilməyəcəyik. Biz hər zaman deyirdik ki, Qarabağ problemini həll edə biləcəyik, amma cəhalət problemini həll edə bilməyəcəyik, çünki bunun yüz illərə dayanan tarixi var. Bu gün Azərbaycan qədər hacıxanımın, kərbəlayinin olduğu ikinci bir ölkə varmı? Öncələr bir qrup alimlər professor əvəzi dini titulları adlarının qarşısına yazdırırdılar. Bütün bunlar da nəticə olaraq 11 yaşlı bir qızın faciəsində yekunlaşır.

- Valideynin cahilliyindən başqa, hansı faktorların bu kimi halların artmasında rolu var?

- Bu kimi halların baş verməsinə səbəb yalnız valideynin cahilliyi deyil, həm də mühitin təhlükəli olmasıdır. Artıq valideynin 15-16 yaşadək övladının normal böyüməsinə qarantiyası yoxdur. Bu gün narkomanların çoxu məktəb mühitində bu prosesə qoşulublar və məktəbə nəzarət mexanizmi 0 vəziyyətindədir. Buna görə də problemlər həllini tapa bilmir.

- Erkən nikahdan yayındırmaq, erkən yaşlarda erkən nikahların fəsadları haqda şagirdlərə müəyyən biliklərin aşılanması üçün dərsliklərlə bağlı nələr edilməlidir?

- Öncə dərsliyi oxuyan uşaq yaratmaq lazımdır. Bu gün əksəriyyət dərslikləri oxuya bilmir. 7-8-ci sinif şagirdləri kitabı üzündən oxuya bilmirlər. Ali məktəblərdə testlə imtahan verənlərin əksəri sərbəst şəkildə esse yaza bilmirlər. Ali məktəbi bitirənlər var ki, ancaq bir xarici dili öyrənməklə özünü savadlı bilirlər. Xarici dil bilməklə deyil ki?! Tutuquşu da özünə görə danışır. Zimbabvedə də ingilis dilində danışırlar, nə olsun ki?! Təhsil almayan biri sabah dünyaya gətirdiyi övladını necə böyüdəcək?! Sabah təhsilsiz uşaqlar böyüyəcək.

- Qanunları sərtləşdirməklə necə, nəyəsə nail olmaq olarmı?

- Açığı deyim ki, bu istiqamətdə dediklərimizin hansısa təsiri olacağını düşünmürəm. Qanunları sərtləşdirməklə nəyəsə nail olmaq olmaz. Kimsə gedib nəsə deyə bilirmi, yaxud da şikayət etdiyi qurumların buna münasibəti necə olur?! İnsan alveri ilə bağlı kifayət qədər böyük problemlər var. Cəmiyyətdə yenidən Axundov dirilişinə ehtiyac var ki, Molla İbrahim Xəlil kimyagərin başını əzib yenidən bir ziyalı nəsli yetişdirsin. Bu məsələdə bütün dövlət qurumları birgə fəaliyyət göstərməlidir. Bir qurum addım atarkən digəri ona dəstək vermir. Bu polis gücü ilə həll ediləcək bir məsələ deyil.