BAKI, 7 fevral - Sputnik. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
AQTA-dan verilən məlumata görə, quruma daxil olan məlumat əsasında AQTA əməkdaşları tərəfindən 6 fevral 2021-ci il tarixində Səbail rayonu, T.Əliyarbəyov 4A ünvanında fiziki şəxs Şirinov Rüfət Ramizoviçə məxsus “Kefli" və Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində Əkbərova Gülmirə Əfsər qızı məxsus "Çayka" adlı ictimai iaşə müəssisələrində reydlər həyata keçirilib. Reydlər zamanı sahibkarlıq subyektlərində karantin qaydalarının kobud şəkildə pozulduğu, məsul şəxslərin təyin olunmadığı, sosial məsafə və masalararası məsafənin gözlənmədiyi, adambaşına müəyyən edilən sıxlıq normalarına uyğun olmadan müştərilərin qəbul edildiyi və müştərilərin, eləcə də obyektdə çalışan işçilərin maskadan istifadə etmədiyi məlum olub.
Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq inzibati tədbirlər həyata keçirilib.